AZƏRBAYCAN RESPUBLIKASI MƏDƏNİYYƏT NAZİRLİYİ XATİRƏ KİTABI REDAKSİYASI "XATİRƏ KİTABI" – YADDAŞIMIZIN KİTAB ABİDƏSİ

Bəşər övladı yaranandan müharibələr onu həmişə qara kabus kimi izləyib. Azərbaycan xalqı təkcə XX əsrdə neçə-neçə qırğınlardan, qanlı savaşlardan keçib, böyük itkilər verib. İkinci Dünya müharibəsindən 300 min nəfərdən çox vətəndaşımız geri qayıtmayıb. Azərbaycanın taleyinə 20 Yanvar faciəsi və Xocalı soyqrımı düşüb. Qarabağ müharibəsində on minlərlə insan itirmişik.

Erməni faşizmi zaman-zaman Azərbaycan torpağında görünməmiş vəhşiliklər törədib. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun ekspedsiyasının Quba rayonunda aşkara çıxardığı kütləvi məzarlıqlar, qocaların, qadınların, uşaqların diri-diri torpağa gömülməsi faktları Azərbaycan tarixinin tükürpədici səhifələridir.