Qusar rayonunda " 44 gün - Tarixi zəfər" adlı ensklopedik toplunun təqdimatı keçirilib

Qeyd edək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.
Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən ( iki dildə) ibarət kitab hazırlanıb.
Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 3 cildi çap olunaraq bölgələrdə şəhid ailələrinə paylanır.
Xatirə Kitabı Redaksiyasında həmçinin, " Bakı Xəbər" qəzetinin birgə layihəsi əsasında " Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edilib, həmin kitabların təqdimatı keçirilib. Bu işlər redaksiyanın baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra söz şəhid ailələrinə verildi. Şəhid Əhmədov Turalın atası İzətulla bəy çıxışında redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir möhtəşəm kitabın nəşrinə görə öz təşəkkürünü bildirdi. Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi " 44 gün - Tarixi zəfər" kitabı təqdim olundu.