Biləsuvar İcra Hakimiyyəti başçısı şəhidlərin anım mərasimi ilə bağlı təklif verdi


"Təklif edirəm ki, 27 sentyabrda Biləsuvar rayonunun bütün şəhidlərinə ümumi bir anım günü keçirilsin. Bu anım mərasiminə şəhid ailələri, şəhid valideynləri, rayon ictimaiyyəti dəvət edilsin. Bir gündə bütün şəhidlərimizin ruhunu şad edək. Mən təklif verdim xahiş edirəm müzakirə edək və bir qərara gələk. Biz bu anım tədbirini 8 noyabrda da keçirə bilərik. Amma 27 sentyabr ölkəmizdə Anım Günüdür. Biz onsuz da 27 sentyabrda anım tədbiri keçiririk". Baki-xeber.com-un məlumatına görə, bunu Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimində bildirib.

F. Qürbətov bildirdi ki, rayon şəhidlərinin mövludu və anım günləri olur, bəzən bu tədbirlərin hamısında eyni vaxtda iştirak etmək mümkün olmur, bu səbəbdən də ildə bir dəfə Biləsuvar şəhidlərinin anım gününün qeyd olunması və ehsan süfrəsinin açılması daha uyğun olardı.

İradə SARIYEVA

Biləsuvar