"Xatirə Kitabı" növbəti təqdimatını Şamaxıda keçirdi...
Qəhrəmanlar, dahilər yurdu Şamaxıya idi yolumuz. Ədəbiyyat və mədəniyyət ocağı olan qədim Şamaxıya Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktor Nəzakət Məmmədovanın rəhbərliyi ilə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin Şamaxı Rayon Mədəniyyət Mərkəzində təqdimatını keçirməyə gedirdik. "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin yolunu Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan şəhid ailələri gözləyirdi. Övladlarının, qardaşlarının, atalarının, doğmalarının xatirəsini əbədiləşdirən bu cildlliklər şəhid ailələrinə həqiqətən də bir təsəllidir.
Xatirə Kitabı Redaksiyasının kollektivini və qonaqları Şamaxı Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Tağızadə çox səmimiyyətlə qarşıladı. Təqdimat məraismi öncəsi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun, Şamaxı Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Tağızadənin, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın iştirakı ilə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət edildi, abidə önünə gül dəstələri qoyuldu.
Şamaxı Rayon Mədəniyyət Mərkəzində böyük qələbəlik vardı. Şamaxı, İsmayıllı, Ağsu və Qobustan şəhidlərinin ata-anaları, yaxınları təqdimata qatılmışdı. Tədbirdə şəhid Sənan Əhmədovun anası Əzət ana, şəhid Şahmurad isgəndərovun atası Natiq İsgəndərov, şəhid Rəcəb Quliyevin anası Yaqut Quliyeva, şəhid Rüfət Əlifovun anası Elnarə Əlifova, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva, şəhid Elbrus Hüseynovun anası Sərməgül Hüseynova, Hüseyn Dadaşzadənin anası Gülşən Talıbova, Qamət Qurbanovun anası Fazilə Qurbanova, şəhid İsmət Qismətoğlunun anası Aynur Əhmədova iştirak edirdi. Tədbir öncəsi şəhid anaları ilə söhbətləşdik, onlar bir ağızdan dedilər ki, övadlarının Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmasından qürur hissi keçirirlər, gözləri yaşla dolsa da, ürəkləri qan ağlasa da, dayanıb dözürlər, balalarının igidliyinə söykənib onların xatirəsini yaşadırlar.
Eyni gündə şəhid olan Elvinlər...
Mərkəzin foyesində daha iki şəhid anası ilə tanış oluruq. Bunlar şəhid Elvin Abbasovun anası Bahar xanım və Elvin Ağakərimovun anası Xədicə xanım idi. Onlar da sinələrinə çox böyük qürurla şəhid balalarının fotosu əks olunan nişan taxmışdılar. "Bizim oğullarımız həm adaş, həm də dost idilər. Cəbhədə də bir döyüşüblər, eyni gündə də şəhid olublar”- Bahar xanım dedi.
Şəhid Sənan Əhmədovun anası Əzət ana dedi ki, 44 günlük Vətən müharibəsinə iki oğul yola salıb, oğullarından biri qayıtsa da, Sənan şəhidlik zirvəsinə ucalıb. "Mən balamla fəxr edirəm” deyir Əzət ana.
Sonra Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirildi. Əvvəlcə Dövlət Himni səsləndi, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Şəhidlərimizin xatirəsi hər birimizin qəlbindədi”
Tədbiri açan şair-publisist Rəfail Tağızadə bildirdi ki, şəhidlər əbədi dirilərdir və onlar hər zaman qəlbinmizdə, xatirəmizdə yaşayırlar. "Şəhidlərimiz bizi məğlub vətəndaş adından xilas ediblər. Mən "Şamaxı şəhidləri” kitabının redaktoru olmuşam və Şamaxı şəhidlərinin hər birinin tərcümeyi-halını dəfələrlə oxumuşam. Biz çox bölgələrdə "44 gün – Tarixi zəfər” cildliklərinin təqdimatını keçirmişik, amma ilk dəfədir ki, təqdimatda icra başçısı özü iştirak edir”-deyə bildirən R.Tağızadə sözü Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova verdi. T.Məmmədov çıxışında təqdimatı keçirilən "44 gün – Tarixi zəfər” kitabının I və II cildinin əhəmiyyətindən danışdı və belə nəşrlər ərsəyə gətirdikləri üçün Mədəniyyət Nazirliyinə, eləcə də Respublika Xatirə Kitabı redaksiyasının kollektivinə təşəkkürünü bildirdi. "Bizim hər birimiz üçün böyük önəm daşıyan əziz şəhidlərimizin xatirəsinə həsr olunan kitabların təqdimatının keçirilməsi tərəfimizdən minnətdarlıqla qarşılanır. Bəli, şəhidlərimizin xatirəsi hər birimizin qəlbindədir. Azərbaycan xalqının bütün övladları bir nəfər kimi müzəffər Ali Baş Komandanın əmri ilə onun ətrafında birləşərək torpaqlarımızın azadlığı uğurunda mübarizəyə qatılıb. Hərə öz səngərində vuruşdu. Bu döyüşənlərin içərisində ön cəbhədə sinəsini düşmənə sipər edən, həyatından keçməkdən çəkinməyən şəhidlərimiz çox ali bir mərtəbəyə yüksəldilər. Bu böyük şanlı tarixin yaşanması üçün ordumuzun hər bir əsgəri və hər bir zabiti əzmlə vuruşub. Bu döyüşənlər arasında yüksək zirvəyə yüksələn şəhidərimizə və onları böyüdən valideynlərə dünya durduqca minnətdarıq. Biz şəhidlərin ailəsinə, övladlarına, ata-anasına Alahdan səbr diləyirik, onlara hər zaman başınızı uca tutun deyirik. Şəhidlərimizin xatirəsini gələcək nəsillərə ötürmək üçün bu gün çox böyük, geniş imkanlar var”-deyə qeyd edən icra başçısı bildirdi ki, dövlət şəhidlərin xarirəsinin əbədirilməsi üçün böyük işlər görür, onlar haqda kitablar yazılır, filmlər çəkilir. "Bu gün də şəhidlərə həsr olunan kitabların təqdimatı keçirilir. Çox şadam ki, bütün tədbirlərdə olduğu kimi bu tədbirdə də şəhid ailələri bizimlədir. onların hər birinin bu məsələyə fərd olaraq həssas yanaşdıqlarını biz gözəl bilirik. Nə qədər ki həyat var, bu dərd-qəm bu ailələrlədir, bizim hər birimizlədir. Amma bu dərd-qəmin içərisində hər zaman çox böyük bir qürur var. Bu qürur bir araya gələndə daha da böyüyür”-deyə bildirən icra başçısı şəhid ailələrinin həmrəyliyini xüsusi vurğuladı. Başçı qeyd etdi ki, belə tədbirlərdə daha çox şəhidlərimizin igidliyindən, mərdliyindən, əzmlə döyüşdüyündən söhbətlər açılır, bu da yeni nəslin tərbiyəsinin formalaşmasında önəmli rol oynayır, onların döyüş yolu bir örnəkdir...
"Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsuliyyət kimi hiss edir”
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova da çıxışında "Əziz şəhid anaları, şəhid ailələri, hörmətli tədbir iştirakçıları!
Xalqımız tarixi anlar yaşayır. Cənab Ali Baş Komandanın və müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində illərdir şəhid qanı ilə suvarılan torpaqlarımız artıq azaddır. Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsuliyyət kimi hiss edir.
2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistana ilk məğlubiyyətini yaşatdı. 5 gün çəkən döyüşdə bir sıra yüksəkliklər düşməndən azad edildi.
Bu uğurlu əməliyyatlar ümumilikdə qələbimizə zəmin yaratdı. İndi artıq bütün ərazilərimizə Müzəffər Azərbaycan Ordusu nəzarət edir. Oktyabrın 15-də Ali Baş Komandan tarixi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Ağdərədə şanlı üçrəngli bayrağımızı ucaltdı. Bu möhtəşəm qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.
Bu arada məlumat üçün diqqətinizə çatdırım ki, ilk vaxtlar Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Qanuna əsasən Respublika Xatirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib. Kitabın bütün sayları «Heydər Əliyev - Respublika Xatirə Kitabının yaradıcısıdır!» sözləri ilə açılır, kitabda dahi rəhbərin portreti canlanır.
Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib.
2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından kitablar nəşr edir, hazırda layihə üzrə işlər davam etdirilir.
Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub.
Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı "44 gün – Tarixi zəfər” adlı çoxcildliyi hazırlanır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri çapdan çıxıb. Növbəti cildlər üzərində işlər aparılır.
Hazırda biz "44 gün – Tarixi zəfər” adlı çoxcildliyin birinci və ikinci cildinin təqdimatına toplaşmışıq. Bu cildlərdə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından da Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə ensiklopedik məlumatlar yer alıb.
Araşdırmamıza əsasən, Vətən müharibəsində Şamaxı rayonu üzrə 130 nəfər iştirak edib, 43 nəfər şəhid olub, onlardan 15 nəfəri haqda birinci, 13 nəfər haqda ikinci cilddə məlumat yer alıb. 5 nəfər isə lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub.
Qobustan rayonu üzrə Vətən müharibəsində ümumilikdə 66 nəfər iştirak edib, onlardan 26 nəfəri şəhid olub, 7-si barədə birinci, 6-cı barədə ikinci cilddə məlumat verilib. 1 nəfər lokal xarakterli antiterror əməliyyatları, 1 nəfər isə təxribat zamanı şəhid olub.
Eləcə də, Ağsu rayonu üzrə ümumilikdə 30 nəfər şəhid olub, onlardan 8-i barədə birinci, 10-u barədə ikinci cilddə, İsmayıllı rayonu üzrə isə ümumilikdə 27 nəfər şəhid olub, onlardan 5-i barədə birinci, 7-si barədə ikinci cilddə məlumat verilib.
Qeyd edim ki, şəhidlər barədə məlumat toplayarkən yerli icra hakimiyyətlərinin müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbələri ilə sıx əlaqə qurur, məlumatların doğruluğunu təsdiq etmək üçün onların yardımından istifadə edirik. Fürsətdən istifadə edib, bizə göstərdikləri kömək üçün onlara minnətdarlığımı bildirirəm.
Bugünkü tədbirin baş tutmasında yaratdığı şəraitə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədova və digər aidiyyatı şəxslərə təşəkkür edirəm.
Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayırıq”-deyə bildirdi.
Şamaxı rayonundan olan şəhid Zöhrab Allahverdiyevin atası Allahverdiyev Sübhan çıxış edərək, oğlunun və bütün şəhidlərin xatirəsinə göstərilən ehtiramdan danışdı. "Mən özüm I Qarabağ müharibəsi veteranıyam. Biz o zaman nə dostlarımızın qisasını ala bildik, nə də torpaqlarımızı qaytara bildik. Amma bizim balalarımız həm dostlarımızın qisasını aldılar, həm də torpaqlarımızı işğaldan azad etdilər”-deyə bildirən şəhid atası oğlunun uca adı ilə fəxr etdiyini bildirdi.
İsmayıllı rayonunun Diyallı kəndindən olan şəhid Orxan Lətiflinin anası Nəzakət Şəfaqətova da çıxış etdi: "44 günlük vətən müharibəsinin 36 günündə mənim oğlum da iştirak etdi. bizim gözümüz ağlasa da, qəlbimizdə qürur hissi var”.
Sənətşünaslıq üzrə fəsləfə doktoru, tanınmış bədii qiraət ustası, aktrisa Zülfiyyə Eldarqızı şəhidlərin xatirəsinə Nəzakət Məmmədovanın "Şəhid qızı” və Rəfail Tağızadənin "Şəhidim” şeirlərini söylədi.
Tədbirdə iştirak edən "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə çərçivəsində çəkilən sənədli filmlərin rejissoru və ssenari müəllifi Vüsal Nuru da çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Xatirə Kitabı redaksiyanın çəkdiyi filmlərdən danışdı. "Unudulmayan adamlar ölmürlər. Azərbaycan xalqı qədər şəhidinin qədrini bilən, onların xatirəsini əziz tutan ikincı bir xalq yoxdur. Biz bu filmlərlə vətəndaşın necə vətən daşına çevirildiyini göstəririk”-deyə V.Nuru qeyd etdi.
Sonda "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi. Layihənin müəllifi Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.
Çox yüksək səviyyədə təşkil edilən tədbir başa çatdıqdan Şamaxı Rayon İcra başçısı Tahir Məmmədov Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovun müşayiəti ilə redaksiyanın təşkil etdiyi stendlə tanış oldu. Sonra şəhid ailələri ilə səmimi söhbət edildi...
Hər şəhid vətənin bir parçasıdır, onların məkanı ana torpaqdır, adları isə qəlbimizdədir...Bizi uğurlayan şəhid analarının xeyir-duası ilə Şamaxı ilə vidalaşıb Bakıya yola düşürük...
İradə SARIYEVA
Şamaxı-Bakı