Respublika Gənclər Kitabxanasında “El harayına can deyən şəhid Elcan” kitabının təqdimatı olub



Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Respublika "Xatirə kitabı” redaksiyasının hazırladığı və Elvin Arifoğlunun şəhid Elcan Muradovun həyat yolundan bəhs edən "El harayına can deyən şəhid Elcan” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində "Xatirə kitabı”nın təmsilçisi, jurnalist Kəmalə Mirzəzadə, Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabın müəllifi Elvin Arifoğlu, şair, publisist Rəfael Tağızadə, şair Hikmət Məlikzadə, zabit Ramin Hacıyev, müəllim, tərcüməçi Aliyə Səmədova, şəhid Elcan Muradovun doğmaları və dostları iştirak ediblər.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov öz çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi dövlətçilik ənənələrini uğurla davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun şücaəti, döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı ilə mənfur düşməni diz çökdürərək, şanlı Zəfər qazandığını və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. O, həmçinin 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb: "Hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq. Elvin Arifoğlunun müəllifi olduğu "El harayına can deyən şəhid Elcan” kitabı kimi nəşrlər gələcək nəsillər üçün çox dəyərli bir vətənpərvərlik nümunəsidir”.

Aslan Cəfərov ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Respublika "Xatirə kitabı” redaksiyasının bu işdə müstəsna əməyini qeyd edərək, Vətənimizin bu müharibələrdəki itkilərini, xalqımızın qəhrəman övladlarının xatirəsini əbədiləşdirmək kimi bir şərəfli missiyanı yerinə yetirdiyinə görə redaksiyanın bütün heyətinə öz dərin təşəkkürünü bildirib.

Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova 2017-ci ildən başlayaraq "Bakı-Xəbər” qəzeti ilə Respublika Xatirə Kitabı redaksiyasının birlikdə Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsindən bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini həyata keçirdiklərini və layihə çərçivəsində 10-a yaxın kitabın işıq üzü gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. O deyib: "İşığına toplaşdığımız bu kitab cəmi 19 il ömür sürmüş, lakin öz qəhrəmanlığı, Vətən sevgisi ilə müasir gəncliyə örnək ola biləcək Elcan Muradovun həyat yolundan bəhs edir və bu cür layihələri gələcəkdə də davam etdirəcəyik”.

Nəzakət xanım bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu vurğulayaraq, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirib.

Əməkdar jurnalistlər Zemfira Məhərrəmli gənc müəllifin qələmə aldığı əsərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıb. O, həmçinin kitabın böyük sevgi ilə yazıldığını və çox maraqlı üsluba malik olduğunu bildirib.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxış edərək 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin, kitabın və ya tədbirin böyük şərəfli bir missiya olduğunu bildirib. Bu əsərlərin xarici dillərə tərcümə olunaraq daha geniş oxucu auditoriyasına çatdırılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda, gələcəkdə "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından çap olunacaq kitabların elektron variantlarının hazırlanaraq əsas fəaliyyət istiqaməti gənclərlə iş olan Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini təklif edib.

Kitabın müəllifi Elvin Arifoğlu da çıxış edərək nəşrin ərsəyə gəlməsində ona dəstək olan "Xatirə” kitabı redaksiyasının kollektivinə təşəkkürünü bildirərək, bu çətin və məsuliyyətli yolda onlara uğurlar arzulayıb. O, "El harayına can deyən şəhid Elcan” kitabının yaranma tarixindən danışaraq, Azərbaycanın bütövlüyü uğrunda canını fəda etmiş bütün oğulların bu gün ruhunun şad olduğunu söyləyib, həmçinin tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda müəllifin kitabları kitabxanaya və qonaqlara hədiyyə edilib.