Sumqayıtda şəhidlərin xatirəsinə həsr olunan barelyefin açılışı olub



Qubadlı Rayon nümayəndəliyi tərəfindən I Qarabağ müharibəsində Qaracallı kənd inzibati ərazi dairəsi üzrə şəhid olan doqquz nəfər hərbçinin xatirəsini əbədiləşdirən barelyefin açılışı olub. Barelyef Milli Qəhrəman Bəylər Tapdıq oğlu Ağayev, həmçinin Qabil Oruc oğlu Quliyev, Şirin Tapdıq oğlu Ağayev, İlham Əhməd oğlu Əliyev, Vidadi Ağalar oğlu İsmayılov, Savalan Əmir oğlu Eminov, Babək Tapdıq oğlu Cəfərov, Şirin Əhməd oğlu Şirinov, Aslan Şəmil oğlu İsmayılovun xatirəsinə həsr olub.

AZƏRTAC xəbər verir ki, açılış tədbirində Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva və digər məsul işçiləri, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidlərin ailə üzvləri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərin keçdiyi şərəfli həyat yolu haqqında aparıcı geniş məlumat verib, ardınca isə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı Rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu Kənd Mədəniyyət evinin hazırladığı kompozisiya göstərilib, şeirlər söylənilib.

Şəhidlərin döyüş yoldaşları, ailə üzvləri, müəllimləri çıxış edərək onlar haqqında xoş xatirələrini bölüşüblər.