Respublika “Xatirə kitabı” redaksiyası tərəfindən hazırlanan “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimat mərasimi olub

Azərbaycan Respublikası "Xatirə kitabı” redaksiyası iyunun 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin təqdimat mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, birinci cilddə min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi. Bu, ərazi bütövlüyümüzün təmin olunması üçün vacib idi.

Dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirliyin mədəniyyət müəssisələrində minə yaxın şəhid ailəsi işlə təmin edilib.

"Xatirə kitabı” redaksiyasının ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan nazir redaksiyanın fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, redaksiya bu günədək 20 yaxın kitab nəşr etdirib.

"Bizim indiki borcumuz tarixi Qələbəni yeni nəsillərin yaddaşında həkk etdirməkdir. Buna görə nazirlik kino və ədəbiyyat sahəsində filmlərin və bədii əsərlərin yazılmasını qarşısına məqsəd qoyub”,- deyə Anar Kərimov vurğulayıb.

Sonra nazir qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Redaksiyanın rəhbəri Nəzakət Məmmədova bildirib ki, kitabın indiyədək 20-yə yaxın cildi çap olunub. Kitabda, həmçinin İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir.

Redaksiyanın gördüyü işlər barədə məlumat verən Nəzakət Məmmədova bildirib ki, "Xatirə kitabı” bu günədək keçmiş SSRİ ölkələri ilə yazışmalar aparıb, İkinci Dünya müharibəsində iştirak etmiş və itkin düşmüş şəxslər barədə məlumatlar toplayıb. Qeyd edib ki, o zaman 4 milyon olan Azərbaycan xalqı İkinci Dünya müharibəsinə 680 min hərbçi yollayıb, onlardan 300 minə yaxın şəxs geri qayıtmayıb. N.Məmmədova bildirib ki, redaksiya, həmçinin Azərbaycan Milli qəhrəmanları haqqında kitablar nəşr etdirib, "Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film çəkdirib. Redaksiyanın budəfəki nəşri 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub.

Sonra "Vətən daşı” sənədli filmi təqdim edilib.

Tədbirin bədii hissəsində BMM-in solisti Gülzar Fərəcova "Xudayar təsnifi”ni oxuyub, Rövşən Qurbanov tarda Ceyhun Muradov isə kamançada onu müşayiət edib. Sonra bədii qiraət ustası Zülfiyə Eldarqızı şeirlər səsləndirib.

Xatırladaq ki, Respublika "Xatirə kitabı” redaksiyası Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərib, ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərarla müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir.

Hazırda Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika "Xatirə kitabı” redaksiyası Ümummilli Liderimizin layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı altındadır.

" frameborder="0" allowfullscreen>