Masazırda şəhid Elgün Muradovun xatirəsi yad edilib


Abşeron rayonunun Masazır qəsəbəsində Vətən müharibəsi şəhidi Elgün Muradovun xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, şəhidin adını daşıyan xatirə bulağı ailə üzvlərinin və xeyirxah şəxslərin birgə təşəbbüsü ilə bu qəsəbədəki İsmət Qayıbov küçəsində, "Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında inşa edilib.

Bulağın açılış mərasimində Masazır bələdiyyəsinin və yerli icra nümayəndəliyinin rəhbərləri, müharibə veteranları, qəsəbə ictimaiyyəti iştirak ediblər.

Vaxtilə məktəbə gedib-gəldiyi ünvanda qəhrəman şəhidin adını əbədiləşdirən bulaq-abidənin yaradılması gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərəcək.

Məzunu olduğu 3 nömrəli məktəbin şagirdləri tədbirdə maraqlı kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, Elgün Muradov Şabran rayonunun Daşlıyataq kəndində anadan olub. Ailədə üç qardaşın ən kiçiyi olan Elgün Masazırdakı 3 saylı orta məktəbdə təhsilini başa vurandan sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirib. 2020-ci ilin sentyabrında orduya çağırılaraq Cəbrayılın, Füzulinin, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 30-da Şabran rayonunun Daşlıyataq kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.