Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin şəhid olmasının növbəti i dönümündə onun məzarını ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə - 1992-ci il iyunun 13-də həlak olan qəhrəmanın məzarının üzərinə Müdafiə nazirinin adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə A.Davidoviçin gənclik və xidmət illərindən danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin göstəricisidir. İgid qəhrəmanın xatirəsi hər iki ölkədə daim ehtiramla yad olunur.

Sonra hərbi attaşelik aparatının əməkdaşları qəhrəmanın anası Kima Andreyevnaya Müdafiə nazirinin adından başsağlığı verərək onun ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Kima Andreyevna oğlunun xatirəsinə olan ehtirama və özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.