Milli Qəhrəman ailələri ilə görüş keçirilib


Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş bir sıra Milli Qəhrəman ailələri ilə görüşüb. Deputat qəhrəmanların ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Q.Paşayeva Vətənimizin bütövlüyü uğrunda döyüşərək canlarını fəda etmiş şəhidlərimizin hər birimiz üçün əziz olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin Milli qəhrəmanların, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına xüsusi diqqət və qayğısından danışan deputat şəhid ailələrinin hər zaman dövlətimizin diqqətində olduğunu vurğulayıb. O deyib: "Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşləri, onlara xüsusi diqqəti və daimi qayğısı bizim üçün bir nümunədir. Şəhid ailələri, Milli qəhrəmanlarımız və onların ailələri bizim üçün çox əzizdir”.

Qənirə Paşayeva qeyd edib ki, hər bir Milli Qəhrəmanımızın həyat və döyüş yolu bugünkü və gələcək gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. O bildirib ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına əmindir. O gün uzaqda deyil və inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik, bununla da şəhidlərimizin ruhu şad olacaq.

Görüşdə Milli Qəhrəman ailələrinin qayğıları dinlənilib, onları maraqlandıran və narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Deputat böyüməkdə olan gənc nəsillərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələrin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Milli Qəhrəman ailələri də daxil olmaqla şəhid ailələri, müharibə veteranları və qazilərimizin qayğı və problemlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəhid, məcburi köçkün ailələri və qazilərimizlə hər görüşü, onlara qayğısı və dəstəyi bir daha göstərir ki, onlar hər zaman dövlətimizin diqqətindədir.

Görüş zamanı şəhid ailələri dövlətimizin onlara göstərdiyi qayğı və diqqətdən söz açıblar, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.