Respublika “Xatirə kitabı” İsmayıllının Gəraybəyli kəndinin Qarabağda itkin düşmüş gənci barədə hazırladığı sənədli povesti təqdim etdi…

Baş redaktor Aydın Quliyev Gəraybəyli məktəbinə Xəqani Əkbərovun adının verilməsini təklif etdi…

Yolumuz dağlar qoynunda yerləşən əsrarəngiz İsmayıllı rayonunun ovcunda yerləşən Gəraybəyli kəndinədir. Təxminən 150 evlik bir oba olan Gəraybəylini məşhurlaşdıran, dillərdə dastan edən, onu ziyarət yerinə çevirən isə bu yurdun qorxmaz, cəsur, vətənpərvər övladı, Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovdur.

Bizim Gəraybəyliyə səfərimiz təsadüfi deyildi. Xəqani Əkbərovun 51 yaşına təsadüf edən səfərimizdə qəhrəmanın döyüş və keçdiyi həyat yolundan bəhs edən və Mədəniyyət Nazirliyinin Respublika "Xatirə kitabı” redaksiyası ilə "Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan "Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən nəşr edilən, müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablı olan "Gözlər yoldan yığılarmı...” sənədli povestinin də təqdimat mərasimi keçirildi. Özü də tədbir yeni tikilən və 2019-2020-ci tədris ilində şagirdlərin ixtiyarına verilən Gəraybəyli kənd orta məktəbində baş tutdu.

Məktəbin foyesində X.Əkbərovun xatirəsini əks etdirən fotoşəkillər ağ, qırmızı qərənfillərin əhatəsində sanki onu anıb gələn hər kəsi salamlayırdı. "Gözlər yoldan yığılarmı...” kitabı da qəhrəmanı anıb gələnlər üçün təsəlli dolu bir xatirə idi, kitaba toxunan hər kəs elə bil kitaba deyil, kitablaşan Xəqaniyə toxunurdu, onunla hal-əhval tuturdu...

X.Əkbərovun ad gününə və "Gözlər yoldan yığılarmı...” kitabının İsmayıllı ictimaiyyətinə təqdimat mərasiminə həsr edilən tədbirdə Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru, tanınmış ictimai xadim, şairə, "Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, "Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, tanınmış ictimai-siyasi xadim Aydın Quliyev, "Gözlər yoldan yığılarmı...” nəşrinin redaktoru, tanınmış qələm adamı, yüzlərlə kitabın redaktoru və müəllifi Zülfüqar Şahsevənli, kitabın müəllifi Nəzirməmməd Zöhrablı, X.Əkbərovun dayısı, görkəmli hüquq işçisi, el ağsaqqalı, ziyalı Rəsul Səfərov, qardaşı Knyaz Əkbərov, rayon ziyalısı, tanınmış jurnalist Lətifə Əliyeva, şəhidin komandiri olmuş Qasım Həsənov, rayon hərbi komissarlığının nümayəndəsi, İsmayıllı Peşə Məktəbinin direktoru Zaur Muradov, Əlillər və Veteranlar Şurasının sədri Vidadi Zərbiyev, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin nümayəndələri, bütövlükdə isə rayon ictimaiyyəti iştirak edirdi.

"Mən Xəqanini həyatdan köçmüş hesab etmirəm, inanıram ki...”

Tədbiri giriş nitqi ilə açan "Gözlər yoldan yığılarmı...” kitabının redaktoru Zülfüqar Şahsevənli bildirdi ki, "Xatirə kitabı” redaksiyası Azərbaycan dövlətinin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən müdafiə olunması yolunda şəhid olan, itkin düşən Vətən övladlarının xatirələrinin əbədiləşdirilməsi, onların unudulmaması üçün müxtəlif istiqamətlərdə işlər görür. Redaksiyanın həyata keçirdiyi layihələrin ən mühümlərindən biri isə "Bakı-Xəbər” qəzeti ilə birgə gerçəkləşdirdiyi "Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən serial kitabların nəşr edilməsidir. Z.Şahsevənli qeyd etdi ki, N.Zöhrablının qələmə aldığı "Gözlər yoldan yığılarmı...” nəşri bu seriyadan olan sayca 3-cü kitabdır. 2017-ci ildən bu silsilədən olan kitabların nəşr edildiyinə başlandığını deyən Z.Şahsevənli vurğuladı ki, buna qədər də "Xatirə kitabı” redaksiyası tərəfindən saysız iş görülüb. Redaksiyanın uzun və şərəfli yol keçdiyini qeyd edən natiq bildirdi ki, "Xatirə kitabı”nın fəaliyyəti bütün respublikanı əhatə edir və qurum tərəfindən abidəyə çevrilən möhtəşəm kitablar nəşr edilib. "Xalqa, dövlətə təmənnasız, böyük sevgi ilə xidmət göstərən "Xatirə kitabı” redaksiyasının nəşr etdiyi kitablarda respublikanın hər yerindən itkin düşən, şəhid olan vətən övladları haqqında məlumatlar var. Bu nəşrlərdə hətta Birinci Dünya Müharibəsində itkin düşənlərin siyahıları var, kimin harada itkin düşməsi haqqında məlumatlar qeyd olunub. Bu redaksiya çox böyük işlər görüb, Rusiyanın, eləcə də keçmiş SSRİ respublikalarının arxivlərində tədqiqatlar aparıb, II Dünya Müharibəsində itkin düşən, həlak olan qəhrəman Azərbaycan övladları haqqında məlumatları üzə çıxarıb nəşr ediblər. Bu nəşrlərdə II Dünya Müharibəsində həlak olan, itkin düşən azərbaycanlıların harada dəfn edildiyi, harada itkin düşdüyü haqda tam dəqiq məlumat var. Bizim heç ağlımıza da gəlməzdi ki, XX əsrin sonlarında torpaqlarımız mənfur ermənilər tərəfindən işğala məruz qalacaq və torpaqlarımızın müdafiəsi uğrunda yüzlərlə Vətən övladı şəhid olacaq, itkin düşəcək, bunun nəticəsində də "Xatirə kitabı”nın yeni cildləri meydana gələcək. "Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən yazılan kitablar nəşr edilməmişdən əvvəl Aydın Quliyevin rəhbərlik etdiyi "Bakı-Xəbər” qəzeti vasitəsilə oxuculara, ictimai rəyə təqdim edilir. İndiyə qədər üç şəhidimiz haqqında kitab nəşr edilib. Maraqlıdır ki, hər üç kitabın qəhrəmanı nişanlı oğlanlardır, onların yaşları 20-25 arasındadır, həyatdan nakam köçüblər. Mən Xəqanini həyatdan köçmüş hesab etmirəm, inanıram ki, bu gün 51 yaşını qeyd etdiyimiz Xəqani nə vaxtsa qayıdacaq. Onun haqqında Nəzirməmməd Zöhrablının yazdığı kitabın redaktoru olmuşam, o, şəhidin anasının oğlu ilə bağlı keçirdiyi duyğuları çox təsirli şəkildə qələmə alıb. Bu səhnəni oxuyanda öz anam və digər gözüyaşlı analar gözlərim qarşısına gəldi. Anaların çoxunun gözü yoldadır. Bu gün Azərbaycanın böyüyən oğullara çox böyük ehtiyacı var. Çünki Vətən oğulların çiynindədir”.

X.Əkbərovun qəhrəmanlıq dolu döyüş yolundan, yarıda qırılan yaralı həyatından söhbət açan Z.Şahsevənli vurğuladı ki, ölkəmizin çox qəhrəman, cəsur övladı var, onlardan biri də şəhid olduğu, yaxud itkin düşdüyü qaranlıq qalan X.Əkbərovdur.

Sonra Z.Şahsevənli sözü "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verdi.

"Mən təklif edərdim ki, Gəraybəyli kənd orta məktəbinə Xəqani Əkbərovun adı verilsin”

"...Nəzakət xanımın rəhbərlik etdiyi Respublika "Xatirə kitabı” çox müqəddəs bir işlə məşğuldur. II Dünya Müharibəsindən indiyə qədər əsir düşən, itkin sayılan, Azərbaycanın müxtəlif bölgələrindən olan Vətən övladlarımız haqqında məlumatların toplanması, nəşr edilməsi bu redaksiyanın rəsmi olaraq ana vəzifəsidir. Ancaq redaksiya özünün ana missiyası ilə paralel olaraq heç də ondan geri qalmayan, onunla bərabərlik təşkil edən digər bir işi də aparır. Bu da Qarabağ müharibəsində bizim itkin düşmüş, şəhid olmuş qəhrəman oğullarımızla bağlı ayrıca olaraq bu cür silsilə kitabların yazılmasıdır. Bu, sadəcə, bir əsər, publisistik nümunə, hekayə, roman deyil, bu həm də həmin qəhrəmanın, həmin şəhidin keçdiyi həyat, döyüş yolunun yenidən maddiləşdirilməsi, yenidən əbədiləşdirilməsi, yenidən dəyərləndirilməsi və insanların yaddasında onların əbədi olaraq abidəsinin qoyulması üçün atılan bir addımdır. Mən heç şübhə etmirəm ki, hətta bu kitab yazılana qədər də mərhum Xəqaninin ruhunu, xatirəsini lazımi qədər qiymətləndirmisiniz, onu unutmayıbsınız, siz belə bir həmyerlinizin olduğunu bilirdiniz və onunla qürur duyurdunuz. Amma kitabın yazılması bir sistemdir, bir konsepsiyadır. Bu kitab gələcək nəsillərin, eləcə də Azərbaycanın digər yerlərində yaşayan insanların hətta Xəqaninin valideynlərini, yaxınlarını tanımasa belə, onun haqqında məlumat ala biləcəyi qiymətli bir mənbədir. Bu çox lazımlı bir işdir ki, Qarabağ müharibəsində fədakarlıq, igidlik göstərən Azərbaycan oğullarını yaşamağından, yaxud şəhid olmağından asılı olmayaraq, bütün Azərbaycan tanısın. Bu şəhidlik təkcə İsmayıllının naminə olan şəhidlik deyil, o, bütün Azərbaycan üçün şəhid olub. Xəqani bütün Azərbaycan üçün nümunə yaratdı getdi. Ona görə də belə əsərlərin yazılması həm tarixi, həm də çox böyük mənəvi əhəmiyyəti olan bir işdir. Şəhidlikdən Vətən başlayır, şəhidlikdən xalqımız yenidən doğulur, çünki hər bir şəhid öz şəhidliyi ilə nəyin uğrunda şəhid olduğunu aydın şəkildə göstərib gedir. O göstərir ki, onun arxasında Vətəni var, Vətənini qorumaq üçün şəhid oldu. O göstərir ki, namusunu, qeyrətini qoruduğu ana-bacısı var, onun üçün şəhid oldu. O göstərir ki, onun arxasında namusuna, şərəfinə ana-bacısı qədər hörmət qoyduğu xalqının namusu, qeyrəti var və onun üçün şəhid olub, onun üçün ölümə gedib. Ona görə də şəhidlər bizim üçün hər zaman qiymətlidir, onlar bizim üçün dəyərə çevrilib. Kimliyindən asılı olmayaraq, hər bir insan canını fəda edən şəhidlərin xatirəsini uca tutmalı, nəyə malikdirsə, buna görə həmin şəhidlərə minnətdar olmağı bacarmalıdır. Çünki şəhid torpağın altına getməklə torpağın üstündəki dəyərləri yaşadır, bu xalqı yaşadır”.

N.Məmmədovanın rəhbərlik etdiyi redaksiyanın şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində müqəddəs bir işlə məşğul olduğunu qeyd edən A.Quliyev bildirdi ki, bu müqəddəs missiyanın həyata keçirilməsində "Bakı-Xəbər”in kollektivinin də xüsusi rolunun olması qürurvericidir.

Bu missiyaya özünün müqəddəs bir işi kimi baxdığını deyən A.Quliyevin sözlərinə görə, kitabın nəşr edilməmişdən əvvəl hissə-hissə rəhbərlik etdiyi qəzetdə çap olunması onun Azərbaycan xalqı və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən insanların ruhu qarşısında göstərdiyi bir xidmətdir. "Yaxşı bir söz var: şəhidlər ölməsə, Vətən dirilməz. Bu çox qiymətli bir sözdür. Çünki şəhidlərin ölümü ilə təkrarən Vətən yaşayır, xalqımız yenidən doğulur... Mən sizin hamınıza təşəkkür edirəm ki, belə qəhrəman, fədakar oğul böyütmüsünüz, o oğulun xatirəsini həmişə uca tutmusunuz, əziyyət çəkib onun işığına yığışmısınız. Bu kitab sizə, sadəcə olaraq, bir daha xatırlatdı ki, sizin belə bir qəhrəman həmkəndliniz var. Əminəm ki, onun xatirəsini qiymətləndirmək lazım gələndə Gəraybəyli camaatı özündən asılı olan heç nəyi əsirgəməyəcək.

Toplaşdığımız Gəraybəyli məktəbi təzə tikilərək sizin ixtiyarınıza verilib. Mən təklif edərdim ki, Gəraybəyli kənd orta məktəbinə Xəqani Əkbərovun adı verilsin. Şəxsən mənim əlimdə ixtiyar olsaydı, bu məktəbə şəhidin adını verərdim. Ona görə ki, gələcəkdə bu məktəbə qədəm basan şagirdlər bilsinlər ki, adı bu məktəbə verilən oğlan kim olub, həyatının hansı çağında, nəyin xatirinə, kimlərin xatirinə şəhid olub” - deyə A.Quliyev qeyd etdi.

"Biz Xəqaninin yolunu həmişə ümidlə gözləyirik”

Z.Şahsevənli tədbiri davam etdirərək bildirdi ki, dağlara söykənən balaca bir kənddə X.Əkbərov kimi qəhrəman oğullar doğulub və yenə də doğulacaq. A.Quliyevin təklifinə dəstək olan Z.Şahsevənli də Gəraybəyli kənd orta məktəbinə X.Əkbərovun adının verilməsinin vacibliyini qeyd etdi, sonra isə sözü X.Əkbərovun dayısı, el ağsaqqalı Rəsul Səfərova verdi. R.Səfərov əvvəlcə qonaqları salamladı və bacısı oğlunu yada salanların hər birinə təşəkkür etdi. Xəqaninin müharibəyə könüllü getdiyini deyən R.Səfərovun sözlərinə görə, o, müharibədə şücaətlə döyüşüb, itkin düşüb. Hələ də Xəqaninin yolunu gözlədiklərini deyən R.Səfərov qeyd etdi ki, X.Əkbərov itkin düşdükdən sonra o, Xəqaninin qardaşı Knyaz Əkbərovla birgə bir neçə ay onun döyüşdüyü əraziləri qarış-qarış gəzib, eyni zamanda, müxtəlif təşkilatlara sorğu verməklə bacısı oğlundan bir soraq almaq istəyib, lakin heç bir informasiya əldə edə bilməyib. "Mən bu kitabı diqqətlə, qohumlarımın, həmyerlilərimin onun haqqında söylədiyi xatirələri kövrələ-kövrələ oxudum. Müəllif bu kitabda Xəqaninin bütün cizgilərini o qədər ustalıqla təsvir edib ki, hətta bu, onu görməyən şəxslərdə də onun haqqında aydın təsəvvür yaradır. O, gələcək, yoxsa gəlməyəcək, bunu bilmirik, amma biz Xəqaninin yolunu həmişə ümidlə gözləyirik” - deyə R.Səfərov vurğuladı.

"Xatirə kitabı” redaksiyasının nəşr etdirdiyi kitabların bir vətənpərvərlik örnəyi olması ilə yanaşı, həm də bu kitabların qəhrəmanları abidələşdirən nəşrlər olduğunu deyən R.Səfərov qeyd etdi ki, bu kitabları oxuyan yeni nəsillər özlərini qəhrəman Vətən oğullarına bənzədəcəklər.

"Şəhidlər haqqında kitab yazmaq o qədər çətindir ki...”

X.Əkbərovun komandiri olmuş Qasım Həsənov da onun cəsur döyüşçü, vətənpərvər bir gənc olduğunu qeyd etdi.

X.Əkbərovun orta məktəb müəllimi Hafiz müəllim çıxış edərək şagirdinin seçilən, təmkinli, vətənpərvər, ədəb-ərkanlı bir oğlan olduğunu qeyd etdi. O bildirdi ki, X.Əkbərov bütün kəndin, rayonun fəxr etdiyi qəhrəmanlardan biridir.

X.Əkbərovun qardaşı Knyaz Əkbərov da qardaşı haqqında xatirələrini danışdı. Bildirdi ki, ailədən qardaşını sonuncu görən o olub. "Qardaşlar arasında onu ən sonuncu görən mən olmuşam. Onu özüm Ağdamın Güllücə kəndinə aparmışam. Amma bir də ora gedəndə Güllücə kənd məktəbini dağılmış gördüm. Ona söz vermişdim ki, ayın 25-də gəlib səni aparacağam. Amma özümü günahkar bilirəm ki, dekabr ayının 25-i işimlə əlaqədar olaraq gedə bilmədim, 28-i günü getdim. Mən gedəndə isə kənddə heç kəs qalmamışdı...”

Tanınmış jurnalist Lətifə Əliyeva da çıxışında bildirdi ki, şəhidlər haqqında olan bütün söhbətlər kövrək bir sim üstə köklənir. "Şəhidlər haqqında kitab yazmaq o qədər çətindir ki... Mən əminəm ki, kitabın müəllifi bu kitabı, sadəcə, yazmayıb, ailə ilə birgə o itkini, ağrını, şəhidin keçdiyi həyat yolunu, ananın ağrısını yaşayıb” - deyə o bildirdi.

"İlk dəfə idi ki, oğlu şəhid olan ananın belinin bu şəkildə büküldüyünü görürdüm”

Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru, ictimai xadim Nəzakət Məmmədova rəhbərlik etdiyi redaksiyanın geniş və məhsuldar fəaliyyətindən danışdı: "Mən Xəqaninin anası Telli ananı görəndən sonra dəhşətə gəldim, dərd insanın qəddini necə əyərmiş. Bir yas yerində gördüm ananı. O, ayağa duranda gördüm ki, Xəqaninin dərdi Telli ananın belini əməlli-başlı büküb. Mən çox şəhid anası görmüşəm. 20 ilə yaxındır ki, Respublika "Xatirə kitabı” redaksiyasında işləyirəm, burada şəhid anaları ilə tez-tez rastlaşıram. İlk dəfə idi ki, oğlu şəhid olan ananın belinin bu şəkildə büküldüyünü görürdüm. İnanın ki, bu mənə o qədər pis təsir etdi, bir neçə gün özümə gələ bilmədim. Ana mənə oğlundan danışdı. Hətta bir epizodu heç unutmuram. Dedi ki, Nəzakət, bir dəfə qışın ortasında, çöldə qar yağan zaman durub çöldə yatdım, dedim görüm mənim balam qarlı-şaxtalı gecədə çöldə necə yatır. Xəqaninin taleyini hər kəs bilir. Biz ona şəhid deyə bilmirik, onun sorağı hər an gələ bilər. Xəqaniyə həsr edilən "Gözlər yoldan yığılarmı...” kitabı "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından üçüncü kitabdır.

Biz bunu "Bakı-Xəbər” qəzeti ilə birgə həyata keçiririk. Qəhrəmanlar qəhrəman doğulmurlar, onlar qəhrəman olurlar, elə bir an yetişir ki, onlar bir anın içində qəhrəman olurlar. Xəqani elə bir ailədən idi ki, o ailə onu müharibəyə getməkdən çəkindirə bilərdi, amma onun daxilindəki mübarizlik, aldığı tərbiyə, Vətən sevgisi onu bu yoldan çəkindirə bilmədi”.

N.Məmmədova qeyd etdi ki, "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından hazırda dördüncü kitab yazılır, müəllif Kəmalə Mirzəzadədir və kitab Saatlı şəhidinə həsr edilib. N.Məmmədova bildirdi ki, 5-ci kitab isə Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmova həsr olunacaq.

"Xatirə kitabı”nın xüsusi buraxılışından danışan N.Məmmədova bu nəşrin əhəmiyyətini də qeyd etdi: "Bizə iki ildir yeni bir layihə tapşırılıb. Bu olduqca vacib bir layihədir. Ermənilər indiyə qədər bizə belə bir statistika göndərmişdilər ki, orada bizim 600-ə yaxın əsir və itkinimiz var. Amma Dövlət Təhlükəsizliyi Xidmətinin arxivləri və bizim redaksiya ortaya belə nəticə qoya bildi ki, onların sayı 3888 nəfərdir. Nə qədər ki, hələ əsir və girovlar var, gözlər yoldan yığılmamalıdır”.

Nəşrin iki dildə çap olunduğunu xatırladan N.Məmmədova bildirdi ki, artıq "Xatirə kitabı”nın xüsusi buraxılışının ikinci cildi də çap edilib və yaxın günlərdə nəşrin təqdimatı keçiriləcək.

İradə SARIYEVA
İsmayıllı-Gəraybəyli-Bakı