Azərbaycanın Ukraynadan olan Milli Qəhrəmanının xatirəsi anılıb


Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi, polkovnik İlqar Ağayev, baş köməkçi polkovnik-leytenant Emil Allahverdiyev və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Milli Qəhrəmanın yaşadığı evdə onun xatirəsi anılıb, keçdiyi həyat yolundan danışılıb. Sonra Milli Qəhrəmanın dəfn olunduğu Zimiyov şəhər qəbiristanlığında məzarı önündə anım tədbiri keçirilib.

R.Polovinkanın "Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmış və səkkizguşəli ulduz təsvirinin olduğu məzar daşının üzərinə Müdafiə Nazirliyinin adından qızıl gül səbəti qoyulub, ailəsinə Müdafiə nazirinin şəxsi hədiyyələri təqdim edilib.

Polkovnik İ.Ağayev çıxış edərək bildirib ki, iki xalqın övladı olan R.Polovinka şəhidliyi ilə xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edib. Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq ənənələrinin uğurla davam etdiyini vurğulayan İ.Ağayev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli qəhrəmanlarımıza, şəhidlərimizin ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir. Artıq bu müavinət R.Polovinkanın ailəsinin hesabına da köçürülüb. Bundan başqa, Azərbaycan dövlətinin sifarişi ilə hazırda Milli Qəhrəmanımız haqqında sənədli film də çəkilir.

Milli Qəhrəmanın anası Qalina İvanovna oğlunun xatirəsinə göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və Müdafiə nazirinə minnətdarlığını bildirib. Şəhidin atası Aleksandr Qriqoryeviç daim Azərbaycan dövlətinin qayğısını hiss etdiklərini və bundan məmnun qaldıqlarını vurğulayıb.

Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş leytenant R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1992-ci il avqustun 6-da R.Polovinka "Mi-24” helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonunu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfdən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, onu tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. Təəssüflər ki, R.Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.