Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nadir Şükürovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nadir Şükürovun ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, şəhidin qardaşı Xudad Şükürov, bacısı Sevil Qarayeva və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Şükürov Nadir Bəbir oğlu 1968-ci il aprelin 7-də Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza hərbi təcavüzü başlayanda Nadir Şükürov da silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 15-də Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Zəngişalı kənd qəbirstanlığında dəfn edilib.

Mərasim iştirakçıları sonra Nadir Şükürov haqqında hazırlanmış video-slaydı izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına baxıblar. Məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.