Canlı tariximiz

Bəşər övladı yaranandan müharibələr onu həmişə qara kabus kimi izləyib. Azərbaycan xalqı təkcə XX əsrdə neçə-neçə qırğınlardan, qanlı savaşlardan keçib, böyük itkilər verib. 300 min nəfərdən çox vətəndaşımız İkinci Dünya müharibəsindən geri qayıtmayıb. Azərbaycanın taleyinə 20 Yanvar faciəsi və Xocalı soyqırımı düşüb. Qarabağ müharibəsində on minlərlə insan itirmişik.

Erməni faşizmi zaman-zaman Azərbaycan torpağında görünməmiş vəhşiliklər törədib. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun ekspedisiyasının Quba rayonunda aşkara çıxardığı kütləvi məzarlıqlar, qocaların, qadınların, uşaqların diri-diri torpağa gömülməsi faktları Azərbaycan tarixinin tükürpədici səhifələridir.
Zaman axıb gedir... İllər illəri, nəsillər nəsilləri əvəz edir… Dünya təzələnir… Bəşər tarixinin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsindən yetmiş ildən çox vaxt keçir…
Yaddaşlarda yaşayır müharibə illəri, müharibə faciələri!..
Hələ də ümidini üzməyib yollara baxa-baxa yar-yoldaşını, doğmalarını, yaxınlarını gözləyən, gözü yollarda qalan nə qədər insan var! Onlar hələ də möcüzəyə inanır və bu inamla da yaşayırlar.
Vətən uğrunda canından keçən, şəhidliyə qovuşan, qanlı cəbhələrdə itkin düşən insanların yalnız bircə şeyə ehtiyacı varyada salınmaq, xatırlanmaq

Onların ruhu yalnız xatirələrə güvənir, xatırlanmaqdan, anılmaqdan rahatlıq, dinclik tapır

Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi məhz belə savab və xeyirxah bir işlə məşğuldur. Gördüyümüz işin məqsəd və məramını ikicə kəlmə ilə belə ifadə etmək olar: bu kitabın nəşri ilə şəhid kimi dünyadan getmiş nə qədər insanın ruhu şad olur, doğmalarını, əzizlərini itirmiş insanlar isə "Xatirə Kitabı"ndan təsəlli tapırlar.

Bu möhtəşəm nəşrin mənası, dəyəri də elə bundadır. Odur ki, "Xatirə Kitabı"nı hazırlayıb ərsəyə gətirənlər öz nəcib, xeyirxah işlərinin nə qədər şərəfli olduğunu bilir, onun məsuliyyətini dərindən dərk edir və gördükləri bu xeyirxah işdən xüsusi fərəh duyurlar.

Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq yoluna işıq tutan Respublika Xatirə Kitabı Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu milli vətənpərvərlik iradəsi və birbaşa nəzarəti altında yaradılmış bir təşkilatdır. Təşkilat öz fəaliyyətini birbaşa olaraq Azərbaycan xalqının bilavasitə iştirak etdiyi münaqişələrdə - Böyük Vətən müharibəsi, məhəlli münaqişələr və nəhayət vətənimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ müharibəsi dövründə həlak olmuş, itkin düşmüş soydaşlarımızın şanlı xatirəsini əbədiləşdirmək üzərində qurmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin xeyir- duası ilə yaradılmış Respublika Xatirə Kitabı Vətənimizin bu müharibələrdə olan itkilərini, xalqımızın qəhrəman övladlarının xatirəsini əbədiləşdirməklə bir daha dövlətimizin vətən uğrunda canından keçən övladlarına verdiyi qiyməti göz önünə gətirmiş olur.

Respublika Xatirə Kitabı yarandığı gündən etibarən gərgin araşdırmalar və həyata keçirilən axtarışlarla vətən ugrunda canından keçən hər bir qəhrəmanın adının əbədiləşdirilməsinə çalışır. Məhz bu fəaliyyətin məntiqi nəticəsi kimi qeyd etmək olar ki, artıq 16 cildi işıq üzü görən Xatirə Kitabının səhifələrində yüz minlərlə soydaşımızın adları əbədiləşdirilib tarixin yaddaşına həkk olunmuşdur.Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin təzahürü olan Respublika Xatirə Kitabı vətənimiz Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə ötürmək üçün var gücü ilə çalışmaqdadır. Respublika Xatirə Kitabı Redaksiya heyətinin hər bir üzvünün apardığı araşdırmalar, vətən ugrunda canından keçən qəhrəmanların adlarının bu kitabın səhifələrində əks olunması istiqamətinə yönəlmişdir.

Müharibə tufanı sayı-hesabı bilinməyən Azərbaycan övladlarını Terek, Don, Volqa, Dnepr sahillərindən uzaq-uzaq diyarlara – Polşa, Macarıstan, Fransa, Avstriya, İtaliya və Yuqoslaviyaya, eləcə də dünyanın başqa-başqa ölkələrinə aparıb çıxarmışdır. Bu məmləkətlərin Qardaş qəbiristanlıqlarında saysız-hesabsız vətən övladları uyuyur. Ünvanı olanlar da, olmayanlar da, yeri bilinənlər də, bilinməyənlər də var.

Torpaq uğrunda, Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəsilə çatdırmaq müqəddəs işdir.

Onların adını gələcək illərə, əsrlərə aparan təkcə qranit abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də sətirləri, səhifələri şəhid qanı ilə yazılmış kitablardır.

Bəşər övladı həmişə öz keçmişinə, yaddaşına qırılmaz tellərlə bağlı olub. Bu indi də belədir, həmişə də belə olacaq. Yaddaşı olmayan xalqın heç vədə gələcəyi ola bilməz. Yaddaş dünənlə bu gün, başqa sözlə desək, gedənlə gələn arasında körpüdür – mənəvi körpü!

Müdrik bir deyim var: "Unutsaq – unudularıq".

Dünyanın ən qabaqcıl, sivil ölkələrində xatirə kitabları yaratmaq həmişə diqqət mərkəzində olub. Neçə-neçə qanlı müharibələr görmüş Almaniyada "Xatirə kitabı"nın 800-ə yaxın cildi çapdan çıxıb.

Almanlar müharibənin keçmiş SSRİ-nin müxtəlif guşələrinə səpələdiyi, o cümlədən Azərbaycana gətirib çıxardığı əsgər və zabitlərinin adlarını da bu kitabın cildlərinə daxil ediblər.

Müstəqil Dövlətlər Birliyində "Xatirə Kitabı"nın 1400 cilddə buraxılması nəzərdə tutulmuşdur. Bu monumental nəşrin 20 cildi Azərbaycanın payına düşür.

Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasının nəzdində fəaliyyət göstərən şöbə müstəqil quruma çevrilmişdir. Lakin nəzərəçarpacaq elə bir iş görülməmişdir.

1994-cü ildə Nazirlər Kabineti yenidən qərar vermişdir. Lakin bu dəfə də işlər lazımi məcraya düşməmişdir. Belə ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından redaksiyanın fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz həllini tapa bilməmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixdə "Azərbaycan Respublikası Xatirə Kitabının bərpa edilməsi haqqında" xüsusi qərar qəbul etmişdir.

Sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanun qüvvəyə minmişdir. Beləliklə, Xatirə Kitabı Redaksiyası ayrıca bəndlə dövlət büdcəsinə daxil edilmiş və bununla da redaksiyanın fəaliyyətində dönüş yaranmışdır.

"Xatirə Kitabı"nı yaddaşımızın kitab abidəsi adlandırmaq olar. Onun yaradılmasında əsas məqsəd – İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Əfqanıstan, Polşa, Çexoslovakiya hadisələrində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, Milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya hazırlamaqdır.

"Xatirə Kitabı" öz həcmi, səciyyəsi ilə seçilən unikal bir nəşrdir. Hər bir cilddə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik məlumat verilir: döyüşçünün soyadı, adı, atasının adı, hansı hərbi komissarlıqdan orduya çağırıldığı tarix, hərbi rütbəsi, vəzifəsi, vuruşduğu, həlak olduğu, itkin düşdüyü yer və dəfn edildiyi məkan.

Həcmi 80-100 çap vərəqi olan və 2000 nüsxə ilə buraxılan "Xatirə Kitabı"nın hər cildində təxminən 15-16 min nəfər soydaşımız haqqında məlumat verilir. Burada "Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları", "İkinci Dünya müharibəsində həlak olmuş, itkin düşmüş və aldığı yaralardan vəfat etmiş Azərbaycan oğulları", "Əfqanıstan qurbanları", "Xocalı!.. Xocalı!..", "20 Yanvar şəhidləri", "Azərbaycanın Milli Qəhrəmanları", "Bu Vətən, bu torpaq unutmaz sizi" başlıqları altında şəkil-dəftərçələr yer alır.

Respublika Xatirə Kitabı Redaksiyası apardığı araşdırmalarda müxtəlif təşkilatlarla əməkdaşlıq edir, qəhrəman döyüşçülərimizin keçdiyi şərəfli döyüş yollarında kəsişən müxtəlif ölkələrə ezamiyyətlər təşkil etməklə bir daha həmin vətən övladlarının yazdığı qəhrəmanlıq salnaməsini araşdırır. Azərbaycan Respublikasının şanlı qəhrəmanlıq tarixini özünün bu günə qədər çap olunmuş 16 cildində və bundan sonra işıq üzü görəcək digər cildlərində əbədiləşdirəcək Respublika Xatirə Kitabı Redaksiyasına bu müqəddəs işində ən çox yardımçı olan təşkilatlardan biri vətənimiz Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı şahidi və iştirakçısı, müharibə veteranlarının müqəddəs ocağı olan Azərbaycan Respublikası Veteranları Təşkilatıdır.

Gənc nəslin nümunə götürdüyü, keçdikləri şərəfli və müqəddəs döyüş yolunun iştirakçısı olan insanları — hər biri canlı tarix olan bu qəhrəman insanları öz sıralarında birləşdirən Respublika Veteranlar Təşkilatı yenə də vətənimiz Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması uğrunda əzmlə, cəsarətlə, bütün güclərini səfərbər edərək çalışmaqdadır. Azərbaycan Respublikası Veteranlar Təşkilatının Vətən uğrunda canından keçən döyüş yoldaşlarının xatirəsinin əbədiləşdirilməsi işində böyük bir səbrlə apardığı araşdırmalarda Respublika Xatirə Kitabı da öz töhfələrini verməkdə davam edir. Gənc nəslin maariflənməsi, tariximizin qan yaddaşına yazılmış hadisələri, vətən övladlarının göstərdiyi qəhrəmanlıqların gələcək nəsillərə ötürülməsində böyük iş aparan Respublika Veteranlar Təşkilatı yorulmaq bilmədən öz fəaliyyətini davam etdirərək şanlı tariximizin abidəsi sayılan Respublika Xatirə Kitabının hər cildinin çap olunaraq işıq üzü görməsinə fədakarlıqla yardım edir. Bu il yaranmasının 30 illiyini qeyd edən Azərbaycan Respublikası Veteranları Təşkilatı vətənimizin qəhrəmanlıq tarixinin canlı şahididir. Respublika Xatirə Kitabı Təşkilatı olaraq həyata keçirdiyimiz bütün araşdırmalar zamanı bizə böyük və əvəzsiz yardımını əsirgəməyən bu təşkilata, onun sıralarında əyilməz vüqarla birləşən veteranlarımıza cansaglığı arzulayır, daim mübariz və əyilməz iradələriylə gələcək nəsillərin yoluna işıq tutmalarını diləyirik.

Baş redaktor Nəzakət Məmmədova