Milli Qəhrəman Akif Əkbərovun xatirəsi anılıb

Beyləqan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, A.Əkbərovun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri, polis əməkdaşları Milli Qəhrəmanın mədəniyyət və istirahət parkındakı büstü önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Bildirilib ki, Əkbərov Akif Abbas oğlu 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla, rayon polis şöbəsinin bir qrup əməkdaşı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Kəlbəcər rayonundakı "Sarı yer” yaylağına ezam edilib. A.Əkbərov avqustun 12-də erməni hərbi birləşmələrinin hücumunun qarşısını alarkən qəhrəmanlıqla həlak olub, Beyləqan rayonunda dəfn edilib.
Qeyd edilib ki, Akif Əkbərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri onun adını daşıyır.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri Milli Qəhrəmana həsr edilən şeirlər söyləyiblər.