Aprel şəhidi gizir Ravil Novruzov haqqında film çəkilib

2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film ictimaiyyətə təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 27-də Quba "ASAN xidmət” mərkəzində təşkil olunan təqdimat mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Xızı rayonunda həyata keçirilib. Şəhid R.Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırıb.

Tədbirdə çıxış edənlər R.Novruzovun vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar. Ravilin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, həmçinin 2016-cı il aprel ayında cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə "Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin layihəsi çərçivəsində ərsəyə gələn filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir.

"Gerçək olan arzu” adlanan film iyul ayının 30-u saat 21:00-da "ARB Media Qrup”a daxil olan "ARB Günəş” televiziyasında yayımlanacaq. Filmin, həmçinin ARB kanalında da yayımlanması nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.