Şəhidlik salnaməsi – “Xatirə kitabı”
Qələbəlar qazanılsa da, müharibələrin ağrı-acıları ürəklərdə yaşayır. Ölkəmizdə şəhid ailələrinə təskinlik üçün igid Vətən oğullarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. 23 dekabr 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı qanunla bir vəzifə olaraq Respublika "Xatirə Kitabı” Redaksiyasına tapşırılıb ki, döyüşlərdə həlak olan soydaşlarımız haqqında ensiklopedik məlumatları toplayıb nəşr etdirsin.
Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə söhbətimizdə xatırladıq ki, bununla bağlı, ümumilikdə, 20 cildlik kitab buraxılıb. Xalqımızın verdiyi itkilər bəlli edilir, tarixləşdirilir, müharibənin vurduğu yaralar fakt kimi əbədiyyətə ünvanlanır. Müsahibimiz şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yönündə daha nə kimi işlər görüldüyü barədə sualımızı da ətraflı cavablandırdı:
– Əvvəla, xüsusi vurğulayım ki, ölkə rəhbərliyi şəhid xatirəsi kimi məsələyə çox həssas yanaşır. Elə 27 sentyabr Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda inşası davam etdirilən Zəfər parkında olması bu ehtiramın nəticəsidir. Həmin kompleksin ərazisində şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə möhtəşəm Zəfər muzeyi də yaradılır.
Təbii ki, müharibə olum-ölüm məsələsidir, itkisiz başa gəlmir. Həm II Dünya müharibəsində, həm də sonrakı hərbi qarşıdurmalarda, Əfqanıstanda və Çernobıl faciəsində, 20 Yanvar və Xocalı hadisələrində, Qarabağ savaşında olan can itkilərimizi xatirə kimi yaddaşlara hopdurmaq, silinməz tarixə çevirmək üçün, şübhəsiz, vacib addımlar atılmalı idi və həmin şərəfli missiya bizə həvalə edilib.
Düzdür, keçmiş İttifaq dövründə II Dünya müharibəsində həlak olan, itkin düşən döyüşçülər haqqında ensiklopediya çapa hazırlanırdı. O zaman nəşrin Azərbaycan üçün nəzərdə tutulmuş 20 cildindən cəmi 3-ü çap edilib. Biz işə başlayanda fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırmadıq. Gərgin iş prosesi və araşdırmalar nəticəsində aşkar etdik ki, xalqımızın qəhrəman oğul və qızlarının adları təkcə SSRİ-nin şəhər və rayonlarının tarixində öz əksini tapmır, Avropa ölkələrində də bu qəhrəmanlıqlar salnamə kimi səciyyələnir. Növbəti cildlərdə onlardan, eləcə də sonrakı hərbi qarşıdurmalarda, Qarabağda şəhidlik zirvəsinə ucalmış, itkin düşmüş vətəndaşlarımızdan bəhs etmişik.
Bu gün də redaksiyamızın əsas qayəsi həmvətənlərimizin döyüş yollarını, qəhrəmanlıqlarını, həlak olduqları, itkin düşdükləri yeri və s. araşdırmaq, doğru-dürüst məlumat əldə etmək və onların xatirələrinə vəfa borcumuzu yerinə yetirməkdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə araşdırmalar sayəsində minlərlə soydaşımız barədə ictimaiyyətə bəlli olmayan həqiqətləri üzə çıxarmışıq. "Xatirə kitabı: 44 gün – tarixi Zəfər” kitabının cildlərinə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimiz haqqında məlumatlar daxil edilib. Eyni zamanda, biz "Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab buraxmışıq.
Redaksiyanızın sifarişi ilə sənədli qəhrəmanlıq filmləri də çəkilir. Bir neçə ay əvvəl Nizami Kino Mərkəzində "Vətən daşı... və ya 44 günün dastanı” layihəmiz əsasında çəkilmiş növbəti filmlər nümayiş olunub. Bu filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Ümumilikdə, bu layihə çərçivəsində 8 film çəkilib.
Son tədbirlərimizə gəlincə, Anım Günü ərəfəsində redaksiyamız Mingəçevir Dövlət Dram Teatrında "44 gün – Tarixi zəfər” adlı kitabın ilk cildlərinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşlarından bəhs edən "Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimatını keçirdi. Orada, eləcə də Şəkidə, Cəlilabadda, Biləsuvarda kitablarımız şəhid ailələrinə hədiyyə edilib.
Bir neçə gün əvvəl başa çatmış X Bakı Beynəlxalq Kitab Sərgisində isə "Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirildi. Kitabda həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Oradakı çıxışımda mən xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsinin Respublika "Xatirə kitabı” redaksiyasının ümdə işi olduğunu bildirdim. Redaksiyanın bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etdiyini, davamlı araşdırmalar apardığını və ənənəni hazırda da davam etdirdiyini vurğuladım. Əməkdaşımız Hikmət Məlikzadə, şair İlham Qəhrəman, Ombudsman aparatının əməkdaşı Azadə Novruzova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova, şəhid Aydın Abdullayevin atası Əmirsoltan Abdullayev, gənc ifaçı Amin Əsgərli də çıxışlarında gördüyümüz işləri təqdir etdilər. Eyni zamanda "Qərbi Azərbaycan şəhidləri” kitabının çapına "Xatirə Kitabı” Redaksiyasının böyük dəstək göstərdiyi vurğulandı. Kitabların nüsxələri ziyarətçilərə hədiyyə olundu.
Vətən uğrunda canından keçən, şəhidliyə qovuşan, qanlı cəbhələrdə itkin düşən insanların yalnız bir şeyə ehtiyacı var – yada salınmaq, xatırlanmaq. Onların ruhu xatirələrə güvənir, anılmaqdan rahatlıq, dinclik tapır. Bu baxımdan Respublika "Xatirə Kitabı” Redaksiyasının çalışmaları həm də savab sayılır.
Əli NƏCƏFXANLI