AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR


№ 034                                  01/05/1997 il


"Respublika Xatirə Kitabı”nın hazırlanması və nəşrinin sürətləndirilməsi tədbirləri haqqında


"Respublika Xatirə Kitabı”nın hazırlanması və nəşrinin sürətləndirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti İkinci Dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün "Respublika Xatirə Kitabının hazırlanması və nəşrinin sürətləndirilməsi məqsədi ilə QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin tabeliyində 11 vahid ştat sayından ibarət müstəqil "Respublika Xatirə Kitabı” redaksiyası yaradılsın.

Müəyyən edilsin ki, redaksiya daimi fəaliyyət göstərməklə Vətənin azadlığı uğrunda həlak olanların və itkin düşənlərin həyat yolunu işıqlandıran "Respublika Xatirə Kitabının nəşr edilməsi məqsədilə yaradılır.


2. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi:

"Respublika Xatirə Kitabı” redaksiyasının Əsasnaməsini və ştat cədvəlini təsdiq etsin;

"Respublika Xatirə Kitabı” redaksiyası üçün normal iş şəraiti yaradılmasını təmin etsin.


3. Azərbaycan Respublikasının Elmlər Akademiyasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinə tapşırılsın və Azərbaycan Respublikası Qırmızı Aypara Cəmiyyətinə, Qarabağ Şəhidlərinin Ailələrin Qayğı Cəmiyyətinə "Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinə, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən” Cəmiyyətinə, "Qayğı” Cəmiyyətinə, Azərbaycan Mədəniyyət Fonduna, Mətbuat Fonduna, Azərbaycan Respublikasının Müharibə və Əmək Veteranları Şurasına, Azərbaycan Yazıçılar Birliyinə, Azərbaycan Jurnalistlər Birliyinə, Azərbaycan Respublikasının "Bilik” Cəmiyyətinə tövsiyə edilsin ki, "Respublika Xatirə Kitabı”nın hazırlanıb nəşr edilməsinə lazımi köməklik göstərsinlər.

4. "Respublika Xatirə Kitabı” həlak olmuş və itkin düşmüş Azərbaycan vətəndaşlarının dul qadınlarına və valideynlərinə hərbi komissarlıqlar və rayon (şəhər) icra hakimiyyəti aparatı vasitəsilə pulsuz verilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mətbuat və İnformasiya Nazirliyinin təqdim etdiyi smeta sənədləri əsasında "Respublika Xatirə Kitabı” redaksiyasının maliyyələşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və digər müvafiq təşkilatlarla birlikdə həlak olmuş və itkin düşmüş Azərbaycan vətəndaşlarının adlarının dəqiqləşdirilməsi və bu istiqamətdə lazımi məlumatların toplanılması üçün 1997-1998-ci illərdə ciddi axtarış və tədqiqat işləri aparsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 avqust tarixli "Respublika Xatirə Kitabı”nın hazırlanma və nəşr edilmə məsələləri haqqında” 277 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin, 1994-cü il 16 iyun tarixli "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində hərbi nəşriyyatın yaradılması haqqında” 240 nömrəli qərarının 1-ci bəndindəki "və "Respublika Xatirə Kitabı” redaksiyasının” sözləri çıxarılsın.

8. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinə tapşırılsın.


Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə