"44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildlik tariximizin qan yaddaşıdır...

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası sentyabrın 26-da Mingəçevir Dövlət Dram Teatrında "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimatını keçirdi.
Mingəçevir şəhidlərinin ailə üzvlərinin, şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən təqdimat mərasimini şair - publisist Rəfail Tağızadə açaraq Xatirə Kitabı Redaksiyasının gördüyü işlərin, nəşr etdiyi kitabların tarixi əhəmiyyətindən danışdı. Tədbirdə qeyd olundu ki, "44 gün – Tarixi zəfər” adlı kitabın birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci, 2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild üzərində işlər aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.
Redaksiyanın hazırladığı «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb. Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 8-i geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır.
Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev çıxışında Mingəçevir şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Xatirə Kitabı Redaksiyasının gördüyü işlərin mühüm əhəmiyyətini qeyd etdi. Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində redaksiyaya köməklik göstərən Mingəçevir şəhər İcra Hakimiyyətinə və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə öz təşəkkürünü bildirdi.
N. Məmmədova qeyd etdi ki, Mingəçevir şəhəri respublikamızda çox şəhid verən bölgələrimizdən biridir. N. Məmmədova mərasimdə məruzə ilə çıxış etdi. "Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı "44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır" - deyə N. Məmmədova vurğuladı.
Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin sektor müdiri Zəfər Hacıyev çıxışında bildirdi ki, təqdim olunan nəşrlər şəhidlərimizin xatirəsinə qoyulan abidədir. Xatirə Kitabı Redaksiyasının mingəçevirli şəhid qardaşlar barədə hazırladığı kitabların qəhrəmanlıq tariximizin təbliğində əhəmiyyətli dərəcədə rol oynadığını deyən Z. Hacıyev buna görə redaksiyaya təşəkkürünü bildirdi. Onun çıxışından sonra Əli və İslam Əhmədov qardaşlarının ruhuna həsr olunan sənədli film təqdim edildi. "Bir ev muzeyinin tarixi" adlı filmdə qardaşların həyat, döyüş və şəhidlik yolu öz əksini tapıb.
Əli və İslam qardaşlarının anası Sevinc Əhmədova, Musa və Tural qardaşlarının anası Nəhayət Həsənova, "Şəhid dağı" və "Gəl birlikdə köçək dünyadan kitablarının müəllifi Hikmət Məlikzadə çıxış etdi. Sonda isə "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların şəhid ailələrinə təqdim edildi. Təqdimat mərasimindən geniş yazını növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA
Mingəçevir