Şəhid Şamil Həsənovun xatirəsi anılıb
Beyləqanda şəhid Şamil Həsənovun doğum günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün 17 ilini Vətənə həsr edən Şamil Həsənov, 1988-ci ildə Beyləqan rayonu Kəbirli kəndində dünyaya göz açıb. Hələ uşaq çağlarından vətənpərvərliyi ilə seçilib. Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi şərəfli həyat və döyüş yolu bir daha xatırlanıb.
Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Şamil daha sonra ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Minaatan batareyada baş gizir rütbəsinə qədər yüksələn Şamil, hərbi sirlərə də peşəkarcasına yiyələnib. Onun ilk döyüş yolu Aprel döyüşlərindən başlayıb. Daha sonra Vətən müharibəsinin iştirakçısı olaraq Şuşaya qədər döyüş yolu keçib. 2023-cü ildə antiterror tədbirləri zamanı Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhadətə ucalıb. Şamilin doğum günündə xatirəsi əziz tutularaq anım mərasimi keçirilib. Şəhid Şamilin, Vətən müharibəsində şəhid olan qardaşı Familin məzarları ziyarət olunub. Şəhidlərin ruhuna dualar oxunub. Çıxış edənlər şəhidlərin ən uca məqamda yer aldığından söhbət açıb və onların daim qəlblərdə yaşayacağını bildiriblər. Şəhid Həsənov Şamil Şiraslan oğlu döyüşlərdə göstərdiyi şücaətə görə "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli olan Şamil Həsənovun iki övladı yadigar qalıb. Qeyd edək ki, Şamil Həsənovun kiçik qardaşı Famil Həsənzadə də hərbçi olub. Ömrünün 9 ilini Vətənə həsr edib. Onun da ilk döyüş yolu Aprel döyüşlərindən başlayıb. Famil də Vətən müharibəsi zamanı ön sıralarda döyüşə qoşulub. Noyabrın 8-də Xocalı rayonu Sığnaq kəndi uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalıb. Famil Həsənzadə döyüşlərdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda” "Döyüşlərdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.