Vətən daşı olmağın ekran salnaməsi


Sənədlilik tarixilikdir. Sənədli əsərlər tarixi əsər deyil, tarix haqqında əsərdi, mahiyyət baxımından tarixin ədəbiyyat, yaxud incəsənət vasitəsilə ifadəsidir. Sənədlilik tarixə sədaqətdir, sədaqətin tarixidir. Tarix haqqında yazılan əsərlərdə də tarixilik düşüncələrə milli heysiyyətlə hopur...

Ordunun dövlətçiliyə xidməti, hərbçilərin hərbi anda, dövlətə sədaqəti tarixin axarını dəyişdi, azərbaycançılıq erməniliyi məğlub etdi, torpaqlarımız işğaldan azad olundu. 2023-cü ilin sentyabr döyüşlərində, Vətən müharibəsində - xalqın müharibəsində Azərbaycan ordusunun hərbi qulluqçuları qətiyyətlə döyüşdülər, döyüşə-döyüşə təsdiqlədilər ki, Vətən əsgərin ürəyindən başlanır, Döyüşdülər, səngərləri sərhədlərə köçürdülər, şəhidlikdən də keçən bu döyüşlər tarixi Zəfərlə tamamlandı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi...

"Vətən daşı" və yaxud 44 günün dastanı" sənədli filmlər silsiləsi (ssenari müəllifi və rejissoru Vüsal Nuru) gerçəkliyin fəlsəfəsi kimi izlənilir: Şəhidlikdən keçməyən döyüş qələbə ilə tamamlanmır. Bədii təfəkkürün işığını ifadə edən bu gerçəklik xalqın yaşam fəlsəfəsinin qüdrətidir. Vətən müharibəsinin, döyüşlərin, şəhidliyin mahiyyətini dərk edənlər üçün bu qüdrət bu sənədli filmlərin epiqrafıdır; müəllifin təxəyyülündən tamaşaçının təxəyyülünə çatan mətləb işıq misallıdır. Bu filmlər son nəfəsdən sonrakı ömürdür. Vətən daşı olanlara borcumuz olan bu ehtiram gerçəkliyə dəyərli əsər biçimi ilə verilib...

Gerçəkliyin fəlsəfi təzahürü (ifadəsi) olan bu sənədli filmlərə dörd şəhid ömrü haqqında elegiya da deyərdim, gerçək dastan da. Bu silsiləni izlədikcə bitkin ssenarini tamamlayan (və onun dərkini zəruriləşdirən!) kamil rejissura sayəsində mənə elə gəldi ki, cəsur döyüşçülər - Murad Əsədov, Dəyanət Əliyev, Mətləb Quliyev, Toğrul Abbasov "Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!" - deyiblər. Döyüşüblər, şəhid olublar. Bu baxımdan, Vüsal Nurunun "Vətən daşı" və ya 44 günün dastanı" silsiləsi xalqımızın tarixə işıq olmuş ruhuna vurğunluğa, bu ruhun zərrələrinin əbədiliyinə inamın əsəridir.

"Vətən daşı" və ya 44 günün dastanı"nda göz yaşı, sızıltı, sıxıntı yoxdur; ana sevgisi var, ürəyinin gözü ilə baxanlar görür ki, Vətən sevgisi ana sevgisinin də haləsidir. Müəllifə görə, tarixin bu gününə də, sabahlarına da bu iki sevginin bəsirəti ilə baxanlar görür ki, şəhidlik ruhumuzun bayrağıdır.

"Vətən daşı" və ya 44 günün dastanı"na İkinci Qarabağ müharibəsi haqqında, döyüşlər haqqında, döyüşənlər haqqında, şəhidlik haqqında esse də deyərdim. Müəllif bir gerçəkliyin fəlsəfəsinə ekran biçimi verə bilib: Şəhidlikdən keçməyən döyüşlərin sonunda qələbə olmur. Vüsal Nurunun təqdimatında "Vətən daşı" və ya 44 günün dastanı" ekranlaşdırılmış bir gerçəklik kimi dərk olunur: Vətən müharibəsində döyüşçülərimiz qəhrəman olmaq üçün döyüşmədilər, qəhrəmanlıqla döyüşdülər. "Vətən daşı" və ya 44 günün dastanı" həm də xalqın torpaqsevərliyinin, dövlətsevərliyinin bir sənədli film biçimində ekranlaşdırılmasıdır. "Vətən daşı" və ya 44 günün dastanı"nda müəllif şəhidlik haqqında düşüncələrini ümumiləşdirib: Onlar Zəfəri görə bilmədilər, Ruhları Zəfərəcən döyüşənlərin sırasında oldu. Bu sənədli filmlər həm də belə bir inamın əsəridir. Ona görə düşündürür, düşüncələr xalqın qələbə ruhunun səyyarəsinə dönür.

Əsərdə gizir Dəyanət Əliyevi xidmətə yola salan qızı onu öpür. "Vətəni öpür" - düşünürəm. Kim görsə, mənim kimi düşünər; "Vətən daşı" və ya 44 günün dastanı"nda rejissura görünməzlərin də görüntüsünü yaratma qüdrətindədir. Filmlərdə yollara sarılan baxışlarda da bir təsəlli görünür: Zəfər qazandıq! (məktəbli qızın baxışlarında çırpınan istəyi, bu istəyin can köynətinə dönmüş təsəllini duymamaq günahdı...) Təsəllinin dilmancı olan baxışların da möhürbəndi Vətən sevgisidir; "Vətən daşı" və ya 44 günün dastanı" Vətənə sədaqət andı içənlər haqqında sədaqət elegiyası, qalibiyyət odası, yenilməzlik uvertürasıdır. Ruhun dünyaya xatırlatmasıdır: İgid ölər, adı qalar...

Azərbaycan Respublikası "Xatirə" kitabının (baş redaktoru şair Nəzakət Məmmədli) layihəsi ilə ictimailəşən, Mədəniyyət Nazirliyinin xeyir-duası ilə ictimailəşən bu dəyərli əsərin işığını həm də hamı Məmməd Arazın möhtəşəm bədii fikir düzümünün işığına sədaqət işığı bilir...

"Vətən daşı" və ya 44 günün dastanı" Vüsal Nurunun bədii təxəyyülü ilə ömrün (ömürlərin) dastanlaşması haqqında düşüncələr əsəridir, bu mənəvi yüksəlişin fəlsəfi-bədii düsturudur. Nəhayət, "Vətən daşı" və yaxud 44 günün dastanı" sənədli filmlər silsiləsi Vətən daşı olanlar üçün əbədiyyət nəğməsidir.