“44 gün – Tarixi zəfər” adlı kitabın təqdimatı keçirilib



Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərə həsr olunan "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimatı keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan redaksiyanın baş redaktoru Nəzakət Məmmədova diqqətə çatdırdı ki, kitab 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı il il aprel döyüşlərində və Tovuz döyüşləri zamanı həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə çap edilib. Yeni nəşrdə, ümumilikdə, 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Baş redaktor bildirib ki, Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Yeni nəşr Ulu Öndərin yaratdığı bir xatirə kitabıdır. Bu redaksiya İkinci Dünya Müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edərək onların xatirəsini əbədiləşdirir.

Redaksiya "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbiçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə, Azərbayvan və İ) ibarət kitab hazırlanıb. Həmçinin, "Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə kitab nəşr edib və təqdimatını keçirib. Redaksiya eyni zamanda "Vətən daşı…və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Tədbirdə çıxış edən şəhid valideynləri və qardaşları, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov qeyd edib ki, illər keçsə də, tarixlər təqvimdən bir göz qırpımında düşsə də, şəhidlərimiz bu torpağın qəhramanlıq dastanı, igidlik simvolu, xarıbülbülün duası olaraq xatırlanacaq. Onlar daha adları ilə yox, Vətən uğrunda axıtdıqları qanla tanınacaq. Bizim olanı özümüzə qaytarıb həsrəti vüsala çevirən qəhraman şəhidlərimizi bu Vətən heç zaman unutmayacaq.

Tədbirin sonunda şəhidlərə həsr olunmuş sənədli filmə baxış olub.

Müsahibim Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır

Müsahibim bildiri ki, məhz belə biz xoş gündə, özü də ilk dəfə Naxçıvan torpağındadır. İllərlə gözlədiyimiz bir qələbənin sonluğu məlum oldu. Prezidentimiz bayrağımızı işğal altında olan bütün torpaqlarda mavi səmaya qaldırdı. Nəzakət Məmmədova dedi: – Vətən müharibəsində Vətəni, qanıyla, canıyla yaşadaraq adlarını əbədiləşdirənlərin "Xatirə kitabı” şəhid ailələri ilə görüşdə kitablar onlara təqdim olundu. Kitab ensklopedik xarakterlidi.

Nəzakət xanım söhbət zamanı onu da əlavə etdi ki, bu redaksiya Respublikada yeganə məlumat bankıdır ki, şəhidlərlə bağlı bütün məlumatlar bu redaksiya vasitəsi ilə ötürülür. Bu iş çox ağır və gərgin zəhmət tələb edir və biz bu işə məhəbbətlə, sevgiylə və həssaslıqla yanaşırıq. İndi fəxrlə deyə bilirik ki, nə yaxşı ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bayrağımız bütün şəhid qanı axan müqəddəs torpaqlarımızda ucaldıldı.


Fariz ƏHMƏDOV