5 rayonun sakinləri Xaçmazda Xatirə Kitabının “Tarixi Zəfər” cildinin təqdimatına toplaşdı...
Nəzakət Məmmədova: "Biz bu şanlı qələbə münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və qətiyyətli vətən oğullarına borcluyuq”
"Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ən ümdə işidir...”
Döşəyi torpaq, yorğanı yağış, yastığı daş olan, daha doğrusu, Vətən daşı olan oğulların, qəhrəmanların ruhu qarşısında hər birimizin böyük borcu var. Onlar canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda fəda etdilər, canları, qanları ilə Vətən torpağına hopdular.
Onlar təkcə torpağa hopmadılar, eyni zamanda o qəhrəman şəhidlər Mədəniyyət Nazirliyi yanında Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi kitab-abidələrə "köçdülər”, kitablaşdılar, abidələşdilər. Nəzakət Məmmədovanın rəhbərliyi ilə Respublika Xatirə Kitabı Redaksiyasının indiyə qədər nəşr etdirdiyi bütün kitablar kimi, "44 gün – Tarixi Zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildində də Vətən oğullarının xatirəsi əbədiləşdirilib. Nə qədər dövlətimiz, xalqımız var bir o qədər də, yəni əbədiyyətə kimi Vətən oğulları da yaşayacaq, biz ölüb gedəcəyik, şəhidlərimiz isə əbədiyyən diri qalacaqlar, yaşayacaqlar, heç vədə qocalmayacaqlar...
Xatirə Kitabı redaksiyasının nəşr etdirdiyi "44 gün – Tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin şəhid ailələrinə təqdim edilməsi üçün redaksiyanın kollektivi ayrı-ayrı rayonlara, bölgələrə üz tutur, bundan sonra da tutacaq.
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və kollektivi ilə budəfəki səfərimiz Xaçmaz rayonuna oldu. Onu da deyim ki, səfərdə "Bakı-Xəbər” qəzetinin təmsilçisi olaraq mən, Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın layhə rəhbəri olduğu "Vətən daşı..və ya 44 günün dastanı” sənədli filmlərinin ssenari müəllifi və rejissoru Vüsal Nuru, tanınmış şair-publisist Rəfail Tağızadə, gənc yazıçı Elvin Arifoğlu da iştirak edirdi.
Yağışlı, çiskinli bir payız günündə, daha dəqiq desək noyabrın 15-də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin növbəti təqdimat mərasiminə tələsirdik. Əlbəttə, yol uzun, "44 gün – Tarixi Zəfər”i gözləyənlər səbrsiz. Nə etsin şəhid ata və anaları, şəhid balaları, şəhid həyat yoldaşları? Kitaba həkk olmuş bir parça yazıya, bir əlcə şəkilə baxıb təsəlli alacaqlar, təsəllisiz ömür boş və mənasızdır.
Məlumat üçün bildirək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumatlar verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).
Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.
Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, "Heç kim unudulmur, heç nə yaddan çıxmır”.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan şəhid ailələrinin iştirakı ilə keçirilən təqdimat mərasimi başlamazdan əvvəl şəhudlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Təqdimat mərasimini açan şair-publisist Rəfail Tağızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının qəhrəmanlığından danışdı. R.Tağızadə bildirdi ki, şəhidlərimiz xalq, Vətən, bayraq uğurunda canlarını fəda ediblər və onların misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan əraziləri düşmən işğalından azad edilib. Şəhid ata-analarının öz övladları ilə daim fəxr etməli olduğunu deyən R.Tağızadə vurğuladı ki, Vətənin əziz övladlarının tabutu uğurunda canlarından keçdikləri Azərbaycan bayrağına bükülür. Şəhidlərimizin xatirəsinin hər zaman bizim üçün əziz olduğunu deyən R.Tağızadə qeyd etdi ki, onlar gəncliyimiz üçün böyük örnəkdir.
Sonra o, sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmədovaya verdi. N.Məmmədova çıxışında bildirdi ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək Xatirə Kitabı redaksiyasının missiyasıdır və kollektiv bu işin öhdəsindən uğurla gəlir. "Nəzərinizə çatdırım ki, Respublika Xatirə Kitabı Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 gün - Tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin təqdimatını Silahlı Qüvvələr günündə Bakı şəhərində, iyul ayının 6-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə, daha sonra cənub bölgəsində və Ağcabədi rayonunda keçirmişdir. Hal-hazırda isə təqdimat Xaçmaz rayonunda keçirilir.
Biz bu şanlı qələbə münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və qətiyyətli vətən oğullarına borcluyuq. Məhz bu möhtəşəm Qələbə sayəsində bu zalda sizinlə birlikdəyik. Lakin düşmən görünür bu qələbədən dərs çıxarmadı. Zaman-zaman sərhədyanı bölgələrdə və Qarabağda müxtəlif təxribatlar törətməyə qalxdı. Ermənilərin bu ilin sentyabr ayında törətdikləri təxribat nəticəsində təəssüflər olsun ki, daha 81 igidimizi itirdik. Allah bütün şəhidlərə rəhmət eləsin!
Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ən ümdə işidir və bu prosesi davam etdirmək üçün redaksiyanın əməkdaşları bölgələrdə olur, axtarış işlərini davam etdirirlər”.
N.Məmmədova xatırlatdı ki, Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. "Bu ensiklopedik kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması üzrə işə başlayıb. Nəticədə, Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, eyni zamanda naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə məlumatlar yenidən ciddi araşdırılıb, dəqiqləşdirilmiş materiallar Respublika Xatirə Kitabının dördcildlik xüsusi buraxılışında iki dildə (Azərbaycan və ingilis dillərində) öz əksini tapıb. Redaksiyamız həmçinin, Azərbaycanın Milli Qəhrəmanları və şəhid polislər haqda kitablar da dərc edib.
Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından "Gözlə gələcəyəm”, "Bir xatirə dəftərinə bənzəyir ömrüm”, "Gözlər yoldan yığılarmı”, "İgid ömrü” və "El harayına can deyən şəhid Elcan” kitablarını nəşr edib və hazırda layihə davam etdirilir”.
N.Məmmədova qeyd etdi ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib, bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub. "Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 gün - Tarixi Zəfər” adlı üçcildliyi hazırlanır. Hazırda kitabın birinci cildinin təqdimatına toplaşmışıq. Kitabda Vətən uğrunda həlak olmuş, "A-Ə” hərfləri üzrə adları sıralanmış şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.
Respublika Xatirə Kitabı Redaksiyasının formalaşmasında, Xatirə Kitabının unikal səciyyə daşımasında və ərsəyə gəlməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, şəxsən hörmətli nazir cənab Anar Kərimovun səmərəli rəhbərliyi və tövsiyələri, eləcə də, yerli icra hakimiyyətlərinin, digər ictimai birliklərin iştirakı və zəhməti az deyil. Bu səbəbdən, onlara öz təşəkkürümüzü bildiririk.
Vətən hamımızın ümumi evidir. 44 günlük müharibədə biz bunun canlı şahidləri olduq. Xalqımıza Zəfər hissi yaşadan şəhidlərimizə ehtiramımızı bildirir, sağlamlıqlarını itirmiş qazilərimizə, şəhid ailələrinə, onlara qayğı göstərən şəxslərə, eləcə də, Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaralılara xüsusi xidmət göstərmiş həkimlərinə və bütün tibb personalına minnətdarlıq duyğularımızı çatdırırıq.
"Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Yaşasın Azərbaycan xalqı!”-deyə N.Məmmədova çıxının sonunda bildirdi.
Təqdimat mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Günel Nurəddinova da çıxış etdi. O qeyd etdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. G.Nurəddinova bildirdi ki, "44 gün – Tarixi Zəfər” adlı üçcildliyin birinci cildində də Azərbaycanın boyük zəfərində payı olan şəhidlərimiz haqda məlumat var, burada onların qısa, lakin şərəfli bioqrafiyası əks olunub. Şəhid ailələrinə səbr diləyən G.Nurəddinova qeyd etdi ki, Azərbaycan ərazilərinə hər zaman yadellilər göz diksə də, igid oğullarımız onları diz çökdürüb. "Bu gün biz böyük zəfərin təntənəsini yaşayırıq” deyən G.Nurəddinova qeyd etdi ki, qələbə qansız olmur və 3000-ə yaxın Vətən müharibəsi şəhidinin 50-si Xaçmaz rayonunun payına düşür. O vurğuladı ki, Şəhidlər Xatirə kitabında, Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq.
Tədbirdə Vüsal Nurunun ssenari müəllifi və rejissoru olduğu "Vətən daşı..və ya 44 günün dastanı” silsiləsindən 44 günlük Vətən müharibəsində şəhid olan 18 yaşlı Ömər Rəhimova həsr edilən film nümayiş olundu.
Mərasimdə V.Nuru da çıxış edərək bildirdi ki, bu cür filmlərlə Vətən uğrunda şəhid olan oğulların xatirəsi əbədiləşdirilir. V.Nuru çıxışında hər bir qəhrəmanın həyatının, döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu bildirdi.
Təqdimat mərasimində Quba Rayon İcra Hakimiyyətinin şəhid ailələri şöbəsinin müdiri Asəf Şirinov, Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Taryel Didarov, şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva, Orxan Çobanovun anası Sevər xanım, Cabbar Əkbərovun atası Əşrəf Cabbarov da çıxış etdilər və belə bir kitab-abidəni ərsəyə gətirdikəri üçün Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə dərin təşəkkürlərini bildirdilər. Zalda oturanların hər birinin başı "44 gün – Tarixi Zəfər” tarixinə əyilmişdi, hər kəs öz əzizinin şəklini axtarırdı, atalar yaşla dolmuş gözlərini gizlətməyə çalışır, analar isə gözlərinin yaşını sel kimi tökürdü. Əlbəttə, qəhrəman doğub böyütmək hər anaya qismət olmur. Şəhidlərimizin valideynləri sözün həqiqi mənasında bütün təşəkkürlərə layiqdir. Gözü yaşlı anaların dualarını duyduq və onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini daim diqqətdə saxlayan ölkə başçısına, Azərbaycan dövlətinə, Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovaya və fədakar kollektivə dərin minnətdarlıq edirdilər.
Tədbirin sonunda şəhid ailələri ilə səmimi söhbət edildi və xatirə şəkli çəkildi.
Xaçmazın payızı bir ayrı aləmdir, bir ayrı gözəllikdir. Payızın ətrini duyduq, təbiəti ilə danışdıq, ağaclarına söykəndik, xəzəllərinin xışıltısını içimizə çəkdik. Bir neçə saatlıq mehman olduğumuz bu gözəl şəhərimizdən "Xaşmaz, növbəti görüşlərə qədər deyib, bir könül dolusu sevgi ilə ayrıldıq.
İradə SARIYEVA
Xaçmaz-Bakı