Nəzakət Məmmədli «Səhər çağı» verilişinin qonağı oldu


Azərbaycan Respublikası «Xatirə Kitabı» Redaksiyasının baş redaktoru, «Yada düşdü» jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Nəzakət Məmmədli Azərbaycan Televiziyasının Mədəniyyət kanalında «Səhər çağı» verilişinin qonağı oldu. Aparıcıların səmimi suallarına əhatəli cavab verən Nəzakət xanım redaksiyanın çap işi və ictimai hadisələrə xronoloji şəkildə münasibət bildirdi, itkin düşmüş, əsir və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin acı həyatı və ürək dağlayan taleləri barədə mühüm fikirlər sərgilədi. Həmçinin, bildirdi ki, biz «Qələbə - 75» kitabında qəhrəman oğul və qızlarımızın, arxa cəbhənin, qələbənin qazanılmasında böyük payı olan Bakı şəhərinin və Bakı neftinin, bir sözlə, Azərbaycan xalqının mübarizə əzmini parlaq şəkildə ehtiva etmişik. Biz bu kitabı çapa hazırlayarkən arzu etdik ki, gün gəlsin, torpaqlarımız işğaldan azad olunsun və həmin şanlı hadisəni kitab variantında təqdim edək. Şükür, arzularımız gerçəkləşdi, şanlı ordumuzun şücaəti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu sayəsində düşmən tərəf kapitulyasiya aktına imza atmağa məcbur oldu. İnşallah, qarşıda belə bir parlaq qələbə barədə xüsusi buraxılış hazırlamağı planlamışıq, indidən redaksiya əməkdaşları bu istiqamətdə ciddi-cəhdlər göstərir.
Nəzakət xanım dəvət aldığı verilişdə ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü ilə həyata vəsiqə almış Azərbaycan Respublikası «Xatirə Kitabı» Redaksiyasının cəmiyyətə verdiyi töhfələr, kollektivin gərgin işi və kitabların əlifba sırası ilə uğurlu çapı, eləcə də Mədəniyyət Nazirliyinin bu işdə əməli fəaliyyəti barədə müfəssəl fikirlər ifadə etdi. Vurğuladı ki, biz gələcəkdə də işlərimizi məhz eyni ovqatda tutacaq, cəmiyyətə fayda verəcəyik.