Veteranların istər həyat, istərsə də döyüş yolu gənc nəslə nümunədir


Martın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, qurumun sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova görüşdə veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını deyib. Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlar göstərdiyini bildirən Fatma Səttarova gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.

Görüşə görə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını bildirib, bu sahədə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.