Humay ana: Sərxan müharibəyə öz istəyi ilə getdi və arzusuna da çatdı



Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Qobustan rayonunda doğulub boya-başa çatan 31 yaşlı Sərxan Hacıyevdir. Hərbi xidmət dövründə də fərqlənən şəhidimiz, ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, Sərxanın vətənpərvərlik ruhunda tərbiyə edilməsində Humay ananın rolu böyük olub. Elə bu səbəbdən Sərxanın Vətənə olan sevgisi həqiqi hərbi xidmətini başa vurduqdan sonra onu yenidən ordu sıralarına qaytarıb. Müddətdən artıq xidmət edən Sərxan 2020-ci ilin yay aylarında ehtiyata buraxılsa da, müharibənin ilk günlərində könüllü olaraq cəbhəyə, döyüşçü yoldaşlarının yanına yollanıb.

Şəhid anası Humay Hacıyeva deyir ki, Sərxan həmişə özünə şəhidlik zirvəsinə ucalmağı arzulayırdı: "Müharibəyə yollananda dedi ki, "ana ağlama, inşallah, şəhid anası olarsan, başını uca tut...” Çox qoçaq, mərd, igid uşaq idi. Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımız alındı, biz artıq qürurla deyirik ki, qalib xalqın nümayəndələriyik. Mənim xaricdə qohumlarım var. Hər dəfə danışanda mənə deyirlər ki, heç vaxt ağlama, oğlunla fəxr elə. Çünki indiyədək başqa xalqların yanında başıaşağı gəzirdik, indi isə Sərxan kimi oğlanların sayəsində başımızı dik tuturuq. Hamı bizi görəndə deyir ki, Azərbaycan 30 ilin müharibəsini 40 günə həll etdi”.

Humay ananın indi bir təsəlli yeri var: Sərxan müharibəyə öz istəyi ilə getdi və arzusuna da çatdı. Həm şəhidlik zirvəsinə ucaldı, həm də 30 ildir işğal altında olan torpaqlarımız azad edildi. Bu gün ölkəmizin hər yerində, o cümlədən Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır.

Şəhid atası Eldar Hacıyev bildirir ki, müharibə başlayanda Sərxanı nə qədər dilə tutsa da, cəbhəyə yollanmaq istəyindən daşındıra bilməyib: "Bir də xəbər tutdum ki, artıq digər gənclərlə birgə avtobusa minib və yola çıxmaq üzrədir. Özümü tez yetirdim ora və sağollaşdım. Dedi ki, nigaran qalmayın, hər şey yaxşı olacaq. Nə etmək olar, Vətən sağ olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sərxan kimi oğlanların sayəsində torpaqlarımızın bütövlüyü bərpa olundu”.

Sərxan döyüşlərdə şücaət göstərib, hər zaman yoldaşlarının köməyinə çatıb, yaralılara kömək edib. O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb.