Vətən müharibəsində tarix yazan şəhidimiz
Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə tamamlayaraq, Şanlı Zəfər qazandı. İyirmi səkkiz illik həsrət qələbə ilə sona çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Sözsüz, tarixi qələbəmiz unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb.
Vətən müharibəsində tarix yazan şəhidlərdən biri də Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilən Silahlı Qüvvələrinin əsgəri Cabbarov Akif Elxan oğludur.
Qarabağ müharibəsində qanı ilə tarix yazan igidimiz 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.
Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. Qəhrəmanimizin yaşadığı həyat heç də asan olmayıb, lakin hər igid kimi qəlbi Vətən eşqi ilə döyünüb.
General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Möhübbət kişinin süfrəsi ətrafına yığışan Akifin xalaları - Maya, Aynurə, Xalidə, qonşuları Fəxriyyə və Nargilə AZƏRTAC–a öz qəhrəmanı ilə bağlı xatirələri yada salır...
"Akif əsgərlikdə olduğu zaman Aprel döyüşlərində iştirak edib. O, hər zaman torpaqlarımızın azad olması üçün sona qədər döyüşməyə hazıram deyərdi. Dedi və elə sözünə də sadiq çıxdı”, - bu sözləri göz yaşlarını boğaraq Akifə analıq şəfqəti göstərən, artıq iki əzizi şəhidlik zirvəsinə ucalan Maya xalası deyir. Onun da həyat yoldaşı Həsənov Sərdar Rəşid oğlu 1994-cü ildə Ağdərə döyüşlərində şəhid olub.
Müharibənin əvvəl günləri tez-tez zəng edirdi evə, hamını bir–bir soruşurdu. Ümumiyyətlə, Akif çox istiqanlı və qayğıkeş övlad olub. Suqovuşan, Füzuli uğrunda döyüşlərdə iştirak edib.
Elə ölümündən bir gün qabaq oktyabrın 24-də axşam evə zəng edib hal-əhval soruşdu. Hər dəfə həsrətlə onun zəngini gözləyən qohumları ilə birgə ailənin artıq doğması - qonşuları Fəxriyyəni də unutmayıb. Fəxr edirəm ki, Akif kimi mərd, dürüst, düşmənə qarşı aslan kimi vuruşan oğlu tanımışam, deyən Fəxriyyə Azərbaycan xalqının hər bir şəhidi ilə qürur duyduğun vurğulayıb.
Akifin insan kimi çox gözəl xasiyyəti vardı. İnanclı, hər dəfə namaz üstündə millətinə dua edən, vətənpərvər, dostluqda mərd oğlan olub. Elə dostları da unutmadı Akifi. Sumqayıtdakı "İnşaatçılar” yaşayış massivində evinin yanında xatirə bulağı yaradıblar.
Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!