Aprel Şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb
İyulun 25-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə hərbiçi, şair, publisist Zəminə Xınalının S.Axundovun xatirəsinə həsr edilən "Təki vətən yaşasın” adlı mənzum pyes və "Müqəddəs şəhid” miniatür kitabının təqdimatı da olub.
Tədbirdə çıxış edən Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov şəhidin qazandığı nailiyyətlərdən söhbət açıb, polkovnik-leytenant Sənan Axundovun ömür yolundan danışıb.
Bildirib ki, Sənan Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. Bakı şəhər 144 nömrəli tam orta məktəbi bitirib. Bakı Ali Hərbi Məktəbi (2001), Almaniyada Hərbi Akademiyanı (alman dilində 2005), Bakı Dövlət Universitetinin hüquq fakültəsini (2009) bitirib. Müdafiə Nazirliyi sistemində əmək fəaliyyətinə başlayıb və nazirlikdə sektor müdiri vəzifəsinədək yüksəlib. Aprel hadisələrində böyük həvəs və ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə gedib və Lələtəpədə vəzifə salahiyyətlərinin icrası zamanı zabit yoldaşlarını ölümün pəncəsindən xilas edərkən qəhrəmancasına həlak olub.
Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundovun fədakar əməyi orden, medal və fəxri fərmanlara layiq görülüb.
Bildirib ki, bu gün şəhid ailələri, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Tədbirdə ölməz şəhidlərimizə həsr olunmuş kitablardan, şeir və poemalardan da söz açılıb. Bildirilib ki, qəhrəman oğullarımıza həsr edilən hər bir əsər gənclərdə hərbi vətənpərvərlik ruhunun daha da artmasına təkan verir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəminə Xınalını da bu qəbildən olan əsərləri yüksək dəyərləndirilib. Vurğulanıb ki, o, uzun illərdir hərbi-vətənpərvərlik mövzusunda yazdığı şeirlər, poemalar, bədii-publisistik yazıları ilə ədəbi-ictimaiyyət içərisində seçilir. Hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlərinə görə "Qızıl qələm”, "Məmməd Araz”, "Mübariz qadın”, "Vətən”, "İnam-Şərəf” və s. diplomlarla təltif olunub.
Qeyd edilib ki, Zəminə Xınalının S.Axundovun xatirəsinə həsr etdiyi "Təki vətən yaşasın” mənzum pyesi müəllifin ilk dram əsəridir. Pyesin əsas məzmunu Qarabağ hadisələrindən götürülüb. Bu kitab gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya biləcək bədii mənbədir. Tədbirdə onun "Müqəddəs şəhid” miniatür kitabından da geniş söz açılıb və müəllifin bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirilib.
Sonra tədbir bədii hissə ilə davam edib.