Ağdamda şəhid Zaur İmanovun xatirəsi anılıb


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Zaur İmanovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Zaur İmanovun ailə üzvlərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngişalı kənd mədəniyyət evinin işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin direktoru Fikrət Əliyev, şəhidin anası Əziz İmanova, bacısı Aidə İmanova və döyüş yoldaşları çıxış edərək, Zaur İmanovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, İmanov Zaur Xudayar oğlu 1975-ci il aprelin 12-də Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində texnikumda təhsil alıb. 1993-cü ildən Vətənimizin müdafiəsində iştirak edən Zaur İmanov Ağdam, Tərtər, Füzuli istiqamətində şərəfli döyüş yolu keçib. Füzulinin Alıxanlı, Kürdmahmudlu kəndlərinin işğaldan azad edilməsində, Ağdamın Nəmirli kəndi yaxınlığında gedən döyüşdə yaralanmış Azərbaycan əsgərlərinin təhlükəsiz yerə çıxarılmasında fədakarlıq göstərib. Zaurun son döyüşləri Tərtər istiqamətində olub. O, 1994-cü ilin mayında düşmənin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Zəngişalı kənd qəbiristanlığında dəfn edilib. Hazırda Zəngişalı kənd mədəniyyət evi Zaur İmanovun adını daşıyır.

Mərasim iştirakçıları sonra şəhid Zaur İmanov haqqında hazırlanmış video-slayda baxıblar. Tədbirdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.