Azərbaycanın Milli Qəhrəmanına həsr olunmuş tədbir keçirilib
"Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə mərkəzdə yaradılmış Milli Qəhrəmanın xatirə guşəsinin önünə gül dəstələri düzüblər Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İctimai Birliyin sədri İlham Məhərrəmov çıxış edərək mərkəzdə "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adı altında artıq üçüncü belə tədbir keçirildiyini diqqətə çatdırıb. O, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbir zamanı şəhidin şərəfli həyat yolundan bəhs edilib. Bildirilib ki, 2016-cı ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Ç.Qurbanov həmin il dekabrın 29-da Ermənistan kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Çingiz Qurbanova ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tədbirdə, həmçinin şəhidin xatirəsinə həsr edilmiş film də nümayiş etdirilib.
Tədbirdə Milli Qəhrəmanın valideynləri, doğmaları, hərbçilər və müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bundan əvvəl mərkəzdə Azərbaycanın Milli qəhrəmanları Asif Məhərrəmov və Cavanşir Rəhimova həsr olunmuş tədbirlər keçirilib.