“Xatirə Kitabı” redaksiyasının baş redaktoru “Həzi Aslanov” yubiley medalı və Rusiyanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif edilib...

Nəzakət Məmmədova: "Hər iki təltif mənim üçün gözlənilməz oldu”
Azərbaycan Respublikası "Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "Həzi Aslanov” yubiley medalına layiq görülüb. N.Məmmədova eyni zamanda Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən "Dostoynaya pamyat” Fondu tərəfindən "Qələbənin varisi” döş nişanı ilə təltif edilib.
N.Məmmədova "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə nüfuzlu medala və döş nişanına layiq görülməsi onun üçün qürurverici bir hadisədir. "Hər iki təltif mənim üçün gözlənilməz oldu. Bu təltiflər mənə xoş hisslər yaşatdı. Məni bu medala və döş nişanına layiq görənlərə təşəkkür edirəm. Əlbəttə, bir qadının, zərif cinsin nümayəndəsinin gündəlik işi şəhidlərin yarımçıq qalan ömür yollarını əbədiləşdirməklə, onların xatirələrini yaşatmaqla, şəhid ailələrilə çoxsaylı görüşlər keçirməklə, onları hər gün dinləməklə, ağrılarını ağrısı kimi yaşamaqla keçir. Bu ağır iş olsa da, şərəfli işdir. Şəhidlərimzin, müharibədə həlak olan insanların xatirəsini əbədiləşdirmək, onların ailələrinə təsəlli vermək çox vacib işdir” - deyə N.Məmmədova bildirdi.
N.Məmmədovanın bildirdiyinə görə, bir neçə gün əvvəl Azərbaycan Respublikası Veteranlar Təşkilatının təşkilatçılığı ilə, faşizm üzərində qələbənin 75 illiyinə hazırlıq məqsədilə, 20 dövlətdən gələn nümayəndələrin iştirakı ilə "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib: "Bakıda keçirilən bu beynəlxalq konfransda 20 ölkədən nümayəndələr iştirak edirdi. Bu konfrans çərçivəsində mənimlə yanaşı, xaricdən gələn nümayəndələr arasında təltif edilənlər oldu. Həmçinin mənə "Dostoynaya pamyat” Fondu tərəfindən "Qələbənin varisi” döş nişan təqdim edildi. Faşizm üzərində qələbənin 75 illiyinə hazırlıq gedir. Bu konfransın ardı İkinci Dünya Müharibəsinin izi keçmiş ölkələrdə davam etdiriləcək. Deyim ki, konfransda Krasnodarın Abinski rayonunda 960 azərbaycanlının məzarını aşkar edən və bu barədə "Kniqa Abinskoqo rayona” nəşrində məlumat verən Andrey Trubinsın da iştirak edirdi. Bundan sonra konfransın keçiriləcəyi ölkə müəyyənləşəcək və biz də ora dəvətliyik. Bir qrup konfrans iştirakçıları Azərbaycan Respublikası "Xatirə Kitabı” redaksiyasında da qonaq oldular. Onlar redaksiyanın şəraiti ilə, fəaliyyətimizlə, gördüyümüz işlərlə, nəşrlərimizlə, layihələrimizlə tanış oldular. 3 il əvvəl Moldovada bizim soydaşlarımızın uyuduğu məzarlıqlar aşkar edilmişdi. Həmin o məzarları üzə çıxaran Anjela Skripkaraş və Azərbaycan Respublikasının Moldovadakı sabiq səfiri, professor Namiq Əliyev redaksiyamıza gəlmişdi. Moldova "Xatirə Kitabı”nı birgə işləmişdilər, kitab 2015-ci ildə nəşr edilib. O kitab redaksiyamızdadır. Moldova Respublikası "Xatirə Kitabı” seriyasından çap olunub. Bu kitab faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı nəşr edilmişdi. Bu konfrans isə faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı olan işlərə təkan kimi başlayıb. İndi 20 ölkədə də davam etdiriləcək. Bura keçmiş Sovet İttifaqı respublikaları və Avropa dövlətləri aiddir. Bir də iki arxivdə keçiriləcək tədbir konfrans planına daxildir. Yəqin məlumatınız var, 1944-cü ildə Amerika İkinci Dünya Müharibəsində partizan hərəkatına qoşulmuşdu. Həmin dövrdə işğal olunmuş ərazilərdə olan arxivlər amerikalıların əlinə keçdi. İşğal zamanı əldə edilən arxivlərdən biri ABŞ-da, biri Almaniyada qaldı, biri isə Moskvada yerləşir. "Xatirə Kitabı” bu arxivlər əsasında işlənir”.
N.Məmmədova qeyd etdi ki, Azərbaycan Respublikası "Xatirə Kitabı” redaksiyasının əməkdaşları adıçəkilən arxivlərə də getməyi planlaşdırırlar. Artıq arxivlərlə müqavilə imzalandığını deyən baş redaktor hesab edir ki, bu arxivlərdə olduqca ətraflı, səhih məlumatlar qorunur: "Biz müqavilələrə əsasən, o arxivlərlə əməkdaşlıq edəcəyik. Mən bu il Moskvada oldum, orada böyük bir arxiv var, "Poklonnaya qora”da yerləşir. Arxivdə oldum. O arxivdə indiyə qədər dəqiqləşdirə bilmədiyimiz, bizə məlum olmayan insanların adlarının siyahısını götürdüm. Arxivdə belə bir qayda var, nəinki həlak olmuş insanın dəfn edildiyi yer, hətta onun döyüş yolu haqqında məlumatlar, döyüş zamanı aldığı mükafatlar, təltiflər, təşəkkürnamələr orada qorunub saxlanır. Mən Moskvadan böyük məlumatlarla qayıtmışam.
Qayıdaq konfransa, bu konfransda iki məruzəçi həmin o arxivlər haqqında geniş danışdı və onlardan da "Xatirə Kitabı” üçün böyük məlumatlar əldə etdik. Bu məlumatlar növbəti cildlərimiz üçün olduqca mükəmməl və gərəkli informasiyalardır”.
Azərbaycan Respublikası "Xatirə Kitabı”nın 16-cı cildinin də çapa hazırlandığını deyən N.Məmmədova Y və Z hərflərini əhatə edən bu nəşrin dekabrda işıq üzü görəcəyini bildirdi: "Bu ay mənə və redaksiyamıza düşərli oldu. "Xatirə Kitabı” redaksiyası Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında diploma layiq görüldü. "Xatirə Kitabı”nın 16-cı cildinə gəlincə, deyim ki, artıq bu cild üzərində tamamlanma işləri gedir. 16-cı cild Y və Z hərflərindən ibarət olacaq. Bundan əlavə, bu ay İradə Sarıyevanın şəhid Aydın Abdullayevə həsr etdiyi "Gözlə gələcəyəm” kitabı çap olunacaq. "Xatirə Kitabı”nın 16-cı cildi isə dekabrda çap olunacaq. Burada yalnız 1941-1945-ci illər müharibəsində həlak olanlar və itkin düşənlər deyil, Əfqanıstan müharibəsində, Qarabağda, 20 Yanvarda şəhid olanlar, itkin düşənlərlə də bağlı məlumatlar var”.
İradə KÖVRƏK