İmişlidə 4 dost şəhidin adına bulaq istifadəyə verilib
Bir məhlədə boya başa çatmışdılar, amalları məqsədləri də bir idi. Qısa ömür sürməklərinə baxmayaraq, hər biri ən uca məqama sahib olanlar sırasında yer aldı. Söhbət 4 dostdan - Məmmədli Cavidan Çimnaz oğlu, Əzizullayev Seymur Teyyub oğlu, Tağıyev Allahverdi Əkbər oğlu və Abışov Tacəddin Elşən oğlundan gedir. Qəlbləri Vətən eşqi ilə döyünən gənclər Vətənin dar günündə döyüşlərə yollanıb və qəhrəmancasına döyüşərək şəhadətə ucalıblar. Onların böyüyüb boya başa çatdığı məhlədə isə xatirələrini əbədiləşdirən bulaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər bulağının açılış mərasimində İmişli və digər şəhər rayonlardan olan 200-ə yaxın şəhid ailəsi, idarə müəssisə rəsmiləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi sükutla anılıb və Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidlərin ən uca məqamda yer aldığından və əbədi yaddaşlara həkk olunduğundan söhbət açıblar. Bildirilib ki, onlar Vətən uğrunda canlarını fəda etməklə gələcək nəsillərə əsl örnək olublar. Daha sonra şəhid ailələrinin iştirakı ilə bulağın açılışı olub. Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şerlər səsləndirilib. Qeyd edək ki, dörd dostdan üç nəfəri - Məmmədli Cavidan Çimnaz oğlu, Tağıyev Allahverdi Əkbər oğlu və Abışov Tacəddin Elşən oğlu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində, Əzizullayev Seymur Teyyub oğlu isə 2023-ci ildə lokal antiterror tədbirləri zamanı şəhadətə ucalıb.