"44 gün – Tarixi zəfər”in I və II cildləri Şəkidə şəhid ailələrinə təqdim edildi



İyunun 12-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Şəki Şəhər Heydər Əliyev Mərkəzində "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirdi.Təqdimatda mərasimində Şəki, Oğuz və Qəbələ rayonlarından olan şəhid ailələri, rayon icra hakimiyyətlərinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təmsilçiləri habelə rayon ictimaiyyəti iştirak edirdi. Azərbaycanın dövlət himni səsləndirildikdən və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı şair - publisist Rəfail Tağızadə bildirdi ki, Azərbaycanın qəhrəman oğullarının qəhrəmanlığı dünya durduqca yaşayacaq.

R. Tağızadə qeyd etdi ki, şəhidlərin qəhrəmanlıq yolundan çoxlu kitablar yazılır, amma bu yazılanlar şəhidlərin yazdıqlarının yanında bir damladır. "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatında çıxış edən Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova "çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Şəki Rayon İcra Hakimiyyətinə və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk" - deyə vurğuladı.

Təqdim edilən cildlərin məqsədi, qayəsi barədə məlumat verən N. Məmmədova bildirdi ki, bu nəşrlər xalqımıza böyük Zəfər bəxş edən Vətən övladlarının xatirəsini tarixləşdirən abidədir. Xatirə Kitabının ulu öndər Heydər Əliyevin xeyir - duası ilə yaradıldığını deyən N. Məmmədova "kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir"-deyə bildirdi.

Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqibət İbrahimova çıxış edərək bildirdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində Xatirə Kitabı Redaksiyasının böyük əməyi var. Şəhid oğulları ilə qürur duyduqlarını deyən Vətən Müharibəsi Qəhrəmanın anası qeyd etdi ki, hər kəsin evinin qarşısından bir bayraq asılıb və o bayraq şəhid analarını həm qoruyur, həm də onlara bir təsəllidir. Aqibət ana şəhid analarına xitabən bildirdi ki, analar hər zaman qürurlu olmalıdır, çünki onlar qəhrəman oğruların analarıdır.

Tədbirdə həmçinin "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi. Qeyd edək ki, "Vətən daşı... və ya 44 günün dastanı” layihəsinin rəhbəri Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı çıxış etdi və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdi.

Sonda Respublika Xatirə Kitabı redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi şəhid ailələrinə təqdim edildi. Tədbirdən hazırladığımız geniş yazını növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA

Şəki