Biləsuvarda “44 gün – Tarixi zəfər” kitabının təqdimatı olub



Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin təqdimatı keçirilib.

Təqdimat mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışıb və bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildirib.

Sonra kitabın baş redaktoru Nəzakət Məmmədova kitabın yazılması tarixindən və orada yer alan igid və qəhrəman Azərbaycan oğullarından danışıb. O, bildirib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2 minə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb ki, bu şəhidlərin də 43 nəfəri biləsuvarlı igidlərdir.

Təqdimat mərasimində digər çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədə canını fəda edən şəhidlərimizin qəhrəmanlıqlarından söz açaraq kitabın hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə "44 gün – Tarixi zəfər” kitabı hədiyyə olunub.