Diaspor təşkilatının sədri: “Rusiya Federasiyasının ərazisində olan vətəndaşlarımızın seçkilərdə iştirakı üçün tam şərait yaradılıb”


"Rusiyada yaşayan vətəndaşlarımızın 7 fevral prezident seçkilərində səsvermə hüququndan istifadə edə bilməsi üçün bütün şərait yaradılıb. Vətəndaşlarımız Moskvadakı səfirliyimizin, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqların binasında səs verəcəklər”. Bunu secki-2024.az saytına açıqlamasında Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov deyib.

Onun sözlərinə görə, Rusiyanın regionlarında yaşayan vətəndaşlarımızın seçkilərdə fəallığının artırılması, onların səs verməyə təşviq edilməsi, həmçinin, hüquqi yardımların göstərilməsi məqsədilə səyyar konsulluq xidmətləri göstərilir. Təşkilat sədri vurğulayıb ki, ümumiyyətlə, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqları hər zaman lazımı qaydada təmin edilir:

"Seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə həyata keçirilən işlər təqdirəlayiqdir. Azərbaycan qanunvericiliyi vətəndaşlarımızın seçki hüququnu təmin edir. Xaricdə yaşayan çoxsaylı Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün yaradılan şərait də seçki hüquqlarının universal prinsiplərinə tam uyğundur. İnanırıq ki, soydaşlarımız prezident seçkilərində fəallıq nümayiş etdirəcəklər. Çünki bu seçki dünya azərbaycanlıları üçün tarixi əhəmiyyətə malikdir. İlk dəfə olaraq, müasir Azərbaycanın tarixində seçkinin bütün ölkə ərazisində keçirilməsi hər birimizi qürurlandırır”.

Məlumat üçün qeyd edək ki, xaricdə yaşayan vətəndaşlarımızın 7 fevralda səs verməsinə şərait yaradılması üçün ölkəmizin hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.