Şəhidlərə həsr olunmuş filmlər ictimaiyyətə təqdim edilib
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə əks etdirən ensiklopedik tarixi salnamədir.
Respublika Xatirə Kitabının bu günə kimi iyirmiyə yaxın cildi nəşr olunub. Onlar arxada qalmış tarixdən soraq verir, insan talelərindən söz açır. Elə buna görə də Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" müdrik kəlamının yaşadıldığını bir daha təsdiq edir.
Nəşr olunmuş kitablarda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Birinci və İkinci Qarabağ müharibələrində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş oğul və qızlarımız haqqında geniş materiallar dərc edilir. Deməli, bu kitablarda insanların həyatı tarixiləşir.
Xalqımıza böyük Zəfər sevinci bəxş etmiş oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi işinin məsuliyyətini öz üzərində hiss edən Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi daim araşdırmalar aparır, yeni nəşrlər hazırlayırlar.
"Şəhidlər ölməz - Vətən bölünməz!" seriyasından bir neçə kitab da nəşr edilib. Respublika Xatirə Kitabı Redaksiyası həm də yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğulların ömür və döyüş yollarından bəhs edən sənədli filmlər çəkir. Bu günlərdə Nizami Kino Mərkəzində "Vətən daşı... və ya 44 günün dastanı" layihəsi əsasında çəkilmiş növbəti 4 filmin təqdimat mərasimi keçirilib.
Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı açaraq filmlər haqqında iştirakçılara məlumat verib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. İştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.
Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru, filmlərin layihə müəllifi və direktoru, Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxış ediblər.
Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yollarını özündə əks etdirən filmlər nümayiş olunub.
Filmlərin nümayişindən sonra şəhid ailələri "Vətən daşı... və ya 44 günün dastanı" layihəsinin rəhbərinə, ssenari müəllifinə və rejissoruna minnətdarlıqlarını bildiriblər.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"