“Xatirə kitabı”: “44 gün – tarixi zəfər”


Şamaxı Rayon Mədəniyyət Mərkəzində Respublika "Xatirə Kitabı” Redaksiyasının "44 gün – tarixi zəfər” adlı kitabının ilk 2 cildinin təqdimatı keçirilib.

Nəşrdə 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşləri zamanı və 44 günlük Vətən müharibəsində həlak olan igidləri­mizin adları əbədiləşdirilib, ümumilikdə, 2 minə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb. Mərasimdə Zəfər sal­naməmizi əbədiləşdirən çoxcildliyin nəşri şəhid ruhlarına ehtiram və qədirbilənlik kimi xarakterizə olunub.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Respublika "Xa­tirə kitabı” insan resurslarını əbədiləş­dirən tarixi sənəd, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Daha öncə toplunun 20-yə yaxın cildi çap olunub. İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş­lərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrə­manlarımız haqqında əhatəli materiallar toplanaraq çap edilib. "Xatirə kitabı” Re­daksiyası "Bakı xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən bir neçə kitab da nəşr edib. Hazırda isə "44 gün – ta­rixi zəfər” ensiklopedik nəşrinin 3-cü cildi üzərində işlər aparılır.

Təqdimat mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Ta­hir Məmmədov, "Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova, şair, publisist Rəfail Tağızadə, şəhid validey­nləri Sübhan Allahverdiyev və Nəzakət Şəfayətova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı və ssenarist, rejissor Vüsal Nuru şəhidlərimizin adla­rının əbədiləşdirilməsi istiqamətində gö­rülən işlərdən, həyata keçirilən tədbirlər­dən danışıblar. Qeyd olunub ki, toplunun ilk cildlərində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının da Vətən müha­ribəsi şəhidləri barədə məlumatlar yer alıb. Növbəti cildlər qalan bütün şəhid və itkinləri əhatə edəcək. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrə­manlıqla döyüşən və qələbə qazanan şəhidlərimizin heç vaxt unudulmayaca­ğı, gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyi vurğulanıb.

Çıxışlardan sonra redaksiya tərə­findən hazırlanan "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş sənədli filmlərdən biri nümayiş olunub.

Sonda cildlərin nüsxələri şəhid ailələ­rinə paylanıb.

Ə.DOSTƏLİ