"Xatirə Kitabı Redaksiyasının şəhidlərimiz haqda çəkdiyi filmləri yüksək qiymətləndirirəm" - Azad Şükürov


"Mənim bu cür filmlərə münasibətim çox yaxşıdır. Bu çox lazımlı bir işdir. Bu baxımdan, Xatirə Kitabı Redaksiyasının şəhidlərimiz haqda çəkdiyi filmləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqda daha böyük filmlər çəkilməlidir. Sənədli filmlərlə yanaşı, bədii filmlərin çəkilməsi də çox yaxşı olardı. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, sonuncu antiterror tədbirləri zamanı şəhid olan qəhrəman oğullarımızla bağlı kino, teatr sahəsində hələ də boşluq var. O igidlərin həyatı hələ tam olaraq çəkilməyib, sənət əsərinə çevrilib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bunun üçün zaman keçməlidir. Ssenarilər yazılmalıdır, filmlər çəkilməlidir. İnşallah, bunlar hamısı olacaq".

Bu fikirləri baki-xeber.com-a açıqlamasında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında ərsəyə gətirdiyi növbəti 4 filmin Nizami Kino Mərkəzinin böyük zalında nümayişi zamanı deyib. A.Şükürov əlavə etdi ki, bu filmlər çəkilərkən Birinci Qarabağ müharibəsi şəhidləri də unudulmamalıdır, 44 günlük Vətən müharibəsi şəhidləri ilə yanaşı onlar haqda da filmlər çəkilməlidir. "Birinci Qarabağ müharibəsində döyüşüb şəhid olan oğullar da həddən artıq igid, vətənpərvər olublar”. Onlarla 44 günlük Vətən müharibəsində şəhid olanlar arasında heç bir fərq qoyulmalı olmadığını deyən A. Şükürov bildirdi ki, onlar da böyük qəhrəmanlıqlar göstəriblər. "Hər qəhrəman haqda bir film çəkilməlidir. Onların döyüş yolu, qəhrəmanlığı filmlərdə, əsərlərdə tam olaraq ifadə olunmalıdır" - deyə A.Şükürov bildirdi.

İradə SARIYEVA