Şamaxıda “44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” Redaksiyası Şamaxı Rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirib.

Birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika "Xatirə Kitabı” insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək "Xatirə Kitabı” Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar çap edir.

Qeyd edilib ki, Respublika "Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika "Xatirə Kitabı” Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə hərbi təcavüz edən Ermənistanın Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildləri işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanın hazırladığı "Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində Qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

Respublika "Xatirə Kitabı” Redaksiyası, həmçinin "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır.

Respublika "Xatirə Kitabı” yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

"44 gün – Tarixi Zəfər” adlı çoxcildliyin birinci və ikinci cildlərində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından da Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə ensiklopedik məlumatlar yer alıb.

Araşdırmalara əsasən, Vətən müharibəsində Şamaxı rayonu üzrə 130 nəfər iştirak edib, 43 nəfər şəhid olub, onlardan 15-i haqqında birinci, 13-ü haqqında ikinci cilddə məlumat yer alıb. 5 nəfər isə lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.

Qobustan rayonu üzrə Vətən müharibəsində ümumilikdə 66 nəfər iştirak edib, onlardan 26 nəfəri şəhid olub, 7-si barədə birinci, 6-cı barədə ikinci cilddə məlumat verilib. 1 nəfər lokal xarakterli antiterror tədbirləri, 1 nəfər isə təxribat zamanı şəhid olub.

Eləcə də Ağsu rayonu üzrə ümumilikdə 30 nəfər şəhid olub, onlardan 8-i barədə birinci, 10-u barədə ikinci cilddə, İsmayıllı rayonu üzrə isə ümumilikdə 27 nəfər şəhid olub, onlardan 5-i barədə birinci, 7-si barədə ikinci cilddə məlumat verilib.

Qeyd edək ki, redaksiya şəhidlər barədə məlumat toplayarkən yerli icra hakimiyyətlərinin müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbələri ilə sıx əlaqə qurur, məlumatların doğruluğunu təsdiq etmək üçün onların yardımından istifadə edir.