Şəhid Şirxan Quliyevin xatirəsi anılıb



Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayon ictimaiyyətinin və şəhid ailələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzülüb, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Quliyev Şirxan İsmixan oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara minnətdarlığını bildirib. Şirxan kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində ilk gündən ən qaynar yerlərdə şücaətlə döyüşən Şirxan 2020-ci il noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Qubadlının azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.