İki qardaşın şəhid olduğu cəmi 3-4 ailə var - Xatirə Kitabı və “Bakı-Xəbər” Cavid və Çingizin xatirəsini belə əbədiləşdirdi...


İlham Məmmədov: "Mənim oğlanlarım Cavid və Çingiz Vətən uğrunda şəhid olublar”

"Şəhid atası olmaq ağırdır, çox ağırdır. Dözmək olmur. Mənim iki şəhid oğlum, minlərlə şəhid oğullarım, qazilərimiz özlərini düşmənin üstünə atıb torpaqlarımızı işğaldan azad etdilər. Mənim oğlanlarım Cavid və Çingiz Vətən uğrunda şəhid olublar. Nə qədər ağır olsa da, bu bizi qürurlandırır”.

Bu fikirləri iyulun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının AMEA-nın Milli Elm Kitabxanasında "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi "Şəhid qardaşlar” kitabının təqdimat mərasimində şəhid qardaşlar Cavid və Çingizin atası İlham Məmmədov bildirdi.

Şəhid balalarının adına, döyüş yoluna həsr edilən kitabın Məmmədovlar ailəsi üçün böyük təsəlli olduğunu vurğulayan İ.Məmmədov "Şəhid qardaşlar” kitabını ərsəyə gətirənlərə öz təşəkkürünü bildirdi...

Bu dünyada ən yüksək trubunada söz demək haqqına şəhid atası, şəhid anası malik olduğu üçün yazıya İlham atanın ürək sızladan sözləri ilə körpü saldıq. İlham ata dedi ki, şəhid balaları onların canının yarısını alıb özləri ilə aparıb.

"Hər birimizin vəzifəmiz şəhid ailələrinin yanında olmaqdır”

"Şəhid qardaşlar” kitabının təqdimat mərasimini açan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid əvvəlcə Xatirə Kitabı Redaksiyasının yaranma tarixinə, fəaliyyətinə, missiyasına diqqət yetirdi. R.Məcid qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabının məram və məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsini əbədiləşdirməkdir. O qeyd etdi ki, redaksiya indiyə qədər İkinci Dünya müharibəsində həlak olan azərbaycanlılardan tutmuş regional və lokal müharibələrdə həyatını itirən, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan, habelə Birinci Qarabağ müharibəsi dövründə itkin düşən və girov götürülən vətəndaşlarımızla bağlı sənədlər əsasında çox vacib əhəmiyyətli nəşrlər hazırlayır.

R.Məcid əlavə etdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında ərsəyə gələn "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən növbəti kitab - "Şəhid qardaşlar” nəşri çox təqdirəlayiqdir. "Hər birimizin vəzifəmiz şəhid ailələrinin yanında olmaqdır və onlara dəstək göstərməkdir”-deyə MŞ sədri qeyd etdi.

"Qanla yazılanları heç nə ilə pozmaq olmur...”

Kitabın müəllifi və tədbirin aparıcısı Rəfail Tağızadə çıxışında "şəhidlər bizim üçün o qədər doğma, o qədər əziz insanlardır ki, onlar haqda nə qədər yazılsa azdır. Çünki şəhidlərin özlərinin yazdıqlarının yanında bu yazılanlar çox cüzi görünür. Qanla yazılanları heç nə ilə pozmaq olmur. Şəhidlər torpağı qanla suvararaq onu bizim üçün vətən etdilər. Son 200 illik tariximizdə heç zaman qazanmadığımız qələbəni bizə qazandırdılar”-deyə bildirdi.

Sonra R.Tağızadə sözü Mədəniyyət Nazirliyinin təmsilçisi Kəmalə Əlyarovaya verdi. K.Əlyarova çıxışında "Xatirə Kitabı” Redaksiyasının fəaliyyətinə toxundu və "Şəhid qardaşlar” kitabını təqdir etdiyini bildirdi: "Cavid və Çingiz Məmmədovların timsalında bütün şəhidlərin qəhrəmanlığının ifadəsi verilib. Biz onların arxasında gözüyaşlı qalan atalarını, analarını, həyat yoldaşlarını, övladlarını oxucuya çatdırmaq istəyirik. Doğma Qarabağın düşməndən azad edilməsində onların qəhrəmanlığı misilsizdir və bu kitabda onların ömür və döyüş yolu ifadə olunub”.

Cavid və Çingiz Məmmədovlar cəbhəni yarıb ordumuza yol açan oğullardan olublar. Çingiz döyüşün qızğın vaxtında qardaşının şəhidlik xəbərini alsa da, komandirinin "geri qayıt qardaşının dəfn mərasimində iştirak et” çağırışına "Vətən sağ olsun” cavabını verib, qardaşının və vətənimizin qisasını almaq üçün irəliyə gedib...

"Ölkəmizdə iki oğlunu şəhid verən dörd ailə var”

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova da çıxışında "Şəhid qardaşlar” kitabını ərsəyə gətirənlərə təşəkkür edərək bildirdi ki, Müdafiə Nazirliyi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsinə çox ciddi əhəmiyyət verir. Təmsil etdiyi nazirliyin daim şəhid ailələri ilə təmasda olduğunu və onlara hər zaman qayğı göstərdiyini qeyd edən Z.Səmədova "Ölkəmizdə iki oğlunu şəhid verən dörd ailə var. Bu ailələrdən biri Məmmədovlar ailəsidir ki, "Şəhid qardaşlar” kitabı onların övladlarına həsr edilib. Digər iki qardaş şəhidlər barədə də kitabların yazılmasını vacib hesab edirik”-deyə bildirdi.

"Şəhidlərimizin adlarının əbədiləşdirilməsi işinə bizim də bir qatqımız olubsa, nə xoş bizə...”

Layihənin tərəfdaşı olan "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də çıxışında bildirdi ki, Respublika "Xatirə Kitabı”nın zəhmətkeş kollektivi ilə əməkdaşlıqdan məmnunluq duyur. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsində təmsil etdiyi qəzetin də qatqısının olduğundan qürur duyduğunu deyən A.Quliyev "Şəhidlərimizin adlarının əbədiləşdirilməsi işinə bizim də bir qatqımız olubsa, nə xoş bizə. Cavid və Çingiz qardaşlarının qəhrəmalığı gələcək nəsillər üçün bir örnəkdir. Nəzakət xanımın rəhbərlik etdiyi redaksiya çox vacib iş görür. Şəhidlərə həsr edilən kitablar çap edir. Nəzakət xanım bu layihə ilə bağlı mənə müraciət edəndə bunu çox böyük məmnunluqla qarşıladım. İndiyə qədər layihə çərçivəsində 10-a yaxın kitab çap olunub və bu kitabların da hər birinin materialları ilkin olaraq "Bakı-Xəbər” qəzetində çap olunub. Şəhidlərə həsr olunan kitablar Nəzakət xanımın şəxsi təşəbbüsü ilə meydana çıxır ”-deyən A.Quliyev qeyd etdi ki, "Şəhid qardaşlar” kitabı Xatirə Kitabı ilə birgə əməkdaşlığın hələ ki, son örnəyidir və bundan sonra da yeni kitablar yazılacaq, oxucular bu kitabın ilkin səhifələrini "Bakı-Xəbər”dən oxuyacaq. O, həmçinin vurğuladı ki, hər birimiz şəhid alələrinə yaxından dəstək göstərməliyik, onların yanlarında olduqlarını hiss etdirməliyik.

"Biz Çingizin nəşini üç aydan sonra tapdıq...”

Şəhidlərin yaxın qohumu Cümşüd İrzaquliyev də bu kitabın nəşr edilməsinə görə Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, layihə rəhbəri Nəzakət Məmmədovaya, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə, kitabın müəllifi Rəfail Tağızadəyə təşəkkür etdi. "Mən Cavid və Çingizlə bağlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Faya və İlham Cavid və Çingizi çox çətinliklə böyüdüblər, uzun illər kiçik daxmada yaşayıblar, amma belə igid oğullar yetişdiriblər. Fikir vermişəm, bütün şəhidlər çətinliklə böyüdülən uşaqlar olub. Qəhrəmanlıq təsadüfi hal deyil, bu onların uşaqlıqdan canında-qanında olur. Cavid şəhid olanda Çingiz ön cəbhədə döyüşürdü, komandirinin israrlarına baxmayaraq geri dönmədi...O da şəhid oldu. Biz Çingizin nəşini üç aydan sonra tapdıq. Belə kitablar şəhid ailələrinə təsəllidir. Amma mən onlarla çox görüşmüşəm, şəhid ailələrinə təsəlli vermək yox, onların yanlarında olmaq lazımdır”-deyə o bildirdi.

Respublika Veteranlar Şurasının üzvü Rasim Məmmədov da çıxışında görülən işləri təqdir etdi və bildirdi ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etməlidir.

Yazar Təranə Məmməd şəhidlərin qəhrəmanlığından, torpağımız uğrunda canlarını fəda etdiklərindən danışdı. O qeyd etdi ki, Xatirə Kitabı bu nəşrlərlə qəhrəman şəhidlərimizə bir abidə qoyur. Əməkdar artist Azad Şükürov da bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların hamısı qəhrəmandır. "Şəhidlərimiz və qazilər bizim ürəyimizin başındadır”-deyən əməkdar artistin sözlərinə görə, "torpaq uğrunda vuruşanları, şəhid olanları heç zaman unutmayacaq. Cavid və Çingiz qardaşları bu torpaq uğrunda şəhid olduqları üçün hər zaman yaşayacaqlar”-deyə bildirdi.

Filologiya elmləri namizədi Lütfiyyə Əsgərzadə, vətənpərvər mahnılar müəllifi Şahin Musaoğlu, professor Maarifə Hacıyeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Əkbər Rüstəmov, şairə Adilə Nəzər kapitan Taleh Əliyev də çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanların ruhlarının əziz tutulduğunu və şəhidlərin əbədiyaşar olduğunu qeyd etdilər.

"Nəzakət xanım çox məsuliyyətli missiyanı öz üzərinə götürüb”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi Zülfyyə Eldarqızı da çıxışında N.Məmmədovanın rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən danışdı. Bildirdi ki, Nəzakət xanım bu ağır və məsuliyyətli vəzifəni çox böyük şərəflə daşıyır: "Nəzakət xanım çox məsuliyyətli missiyanı öz üzərinə götürüb və onu çox mətanətlə, əzmlə daşıyır. Bəzən öz-özümə sual verirəm ki, Nəzakət xanım bunlara necə dözür? Bu kitabın ilk təqdimatı şəhidlərin doğulduğu Şəmkirdə oldu. Biz də təqdimatda iştirak etdik, şəhidlərin ailəsi ilə tanış olduq...Cavid və Çingizin adları heç zaman tarixdən silinməyəcək, bu cür kitablarda yaşayacaq”.

Z.Eldarqızı həmçinin şəhid Cavid və Çingizə həsr olunan şeirləri ifa etdi.

Sonra "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından şəhid Əmrah Abışova həsr olunmuş "Vətən daşı..." sənədli filminin təqdimatı oldu. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur.

"Allahdan bir arzum var ki, sonuncu şəhidin də adını yazaq və redaksiya öz müqəddəs missiyasını yekunlaşdırıb tarixə ötürsün”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova sonda çıxış edərək "Bu gün bizim gördüyümüz bu iş o ailəyə kiçik təsəlli olsa da, gələcək nəsillər üçün bir örnəkdir. 20 ildən çoxdur ki, çalışdığım bu kollektivdə minlərlə şəhidimizin xatirəsi əbədiləşdirilir”-deyə bildirdi.

N.Məmmədova dedi ki, hər şəhid bir fərddir və onların hər biri barədə daha geniş yazılmalıdır. Şəhidlər haqda ayrıca kitablar hazırlanması layihəsi ilə bağlı "Bakı-Xəbər”in tərəfdaşlıq jestini yüksək qiymətləndirən N.Məmmədova buna görə A.Quliyevə minnətdarlıq etdi. "Biz onsuz da Xatirə Kitabını davam etdiririk, hər şəhid haqqında ensiklopedik məlumatlar toplanır və gələcək nəsillər üçün arxivə çevrilir. Yeganə məlumat bankı olaraq biz həmişə bunun keşiyindəyik. Bu öz yerində. Eyni zamanda bizə bu zəfəri yaşadan nümunəvi qəhrəmanlarımız haqda ayrıca kitabların yazılması ürəyimdən keçirdi və bunun üçün müxtəlf KİV-lərə müraciət etdim, amma mənə "Bakı-Xəbər” qəzeti dəstək oldu. İl boyu qəzetin böyük bir səhifəsi bizim ixtiyarımızda olur. Sonra o yazıları kitab halına salırıq. Vətən uğrunda ölüm həyatın davamıdır. Şəhidlərimizin ruhu şaddır, çünki onlar ölməzliyə qovuşublar. Allah qazilərimizə də can sağlığı versin. Mən özüm üç zabit anasıyam. Mənim də övladım 44 günlük müharibədə döyüşdü. Hansı streslər keçirmişəm, bir ana kimi onu özüm bilirəm. Bu kitaba 1993-cü ildən başlamışıq. Allahdan bir arzum var ki, sonuncu şəhidin də adını yazaq və redaksiya öz müqəddəs missiyasını yekunlaşdırıb tarixə ötürsün, şəhidlər haqda çəkməyə başladığımız bu filmlər də yarımçıq qalmasın. Çünki hər şəhid ailəsi təsəlli kimi bu filmi bizdən gözləyir. Nə qədər bacaracağıqsa bu işi yürüdəcəyik”-deyən N.Məmmədova tədbir iştirakçılarına təşəkkür etdi.

Hər şəhid Vətənin bir parçasıdır, hər şəhidin ruhu Vətənin müdafiəçisidir. Bizlər gəldi-gedərik, Vətənin yaddaşında Cavid kimi, Çingiz kimi oğullar yaşayacaq, onların vətənimizin suverenliyinin bərpası uğrunda yazdıqları qəhrəmanlıq epopeyası əbədi qalacaq.

İradə SARIYEVA