Masallıda “44 gün – Tarixi zəfər” adlı kitabın birinci cildinin təqdimat mərasimi keçirilib


Sentyabrın 21-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün çap edilən "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimi keçirilib.

Mərasimdə Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan şəhid ailələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. İdarə rəisi sonra tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova təqdimat mərasiminin sayca üçüncü olduğunu, ilk təqdimat mərasiminin Silahlı Qüvvələr Günündə Bakı

şəhərində, ikincisinin isə iyulun 6-da Gəncə şəhərində keçirildiyini bildirib. O vurğulayıb ki, biz bu Zəfəri Ali Baş Komandan İlham Əliyevə və Vətənin mərd oğullarına borcluyuq. Xalqımıza

Zəfəri bəxş edən oğullarımızın adlarının əbədilləşdirilməsi bizim borcumuzdur.

Daha sonra yazıçı publisistlər Rafael Tağızadə, Meyxoş Abdulla çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib və belə mərd oğullar böyütdüklərinə görə şəhid valideynlərinin qarşısında baş əydiklərini bildiriblər.

Tədbirdə iki şəhid anası Ziba xanım çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib. "Ən böyük arzumuz övladlarımızın unudulmamasıdır”, - deyə o vurğulayıb.

Sonda Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Aprel döyüşləri şəhidinin ailəsi ilə görüşündən təsirlənərək yazdığı "Ağlama şəhid qızı” şeirini səsləndirib.

Qeyd edək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində, Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib. Eyni zamanda, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.