“44 gün – Tarixi zəfər”
Gəncə şəhərində Respublika "Xatirə Kitabı” redaksiyasının hazırladığı üçcildliyin birinci cildinin təqdimat mərasimi keçirilib
İyulun 6-da Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” redaksiyası tərəfindən Gəncə şəhərində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsinə həsr olunan "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirilib.
Mərasimə Goranboy, Naftalan, Xocalı, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan şəhid ailələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.
Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” insan resurslarını əbədiləşdirən tarixi sənəddir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika "Xatirə Kitabı” redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.
Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».