Qubada şəhidlərin xatirəsinin əbədiləşdirildiyi küçədə yürüş təşkil olunub
Qubada Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərin Molla Pənah Vaqif küçəsi boyunca portretləri yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 20-də Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə həmin küçə boyunca yürüş təşkil olunub.
Yürüşdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Yürüşün ardınca Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub və ziyarətçilərin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.