Cəzaçəkmə müəssisəsində kitab təqdimatı keçirilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı çəzaçəkmə müəssisəsində məhkum Elvin Məmmədovun "El harayına can deyən şəhid Elcan” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xatirə Kitabı redaksiyası və "Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında nəşr edilib.
Tədbirin açılışında İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusu tərəfindən aparılmış uğurlu əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən tapdağı altında qalmış Qarabağ torpağının azad edilməsi barədə danışıblar. Qeyd edilib ki, bu Qələbənin əldə olunmasında şəhidlərimizin əvəzsiz xidmətləri olub.
Kitabda Vətən müharibəsində şəhid olmuş, 19 il ömür sürən Elcan Muradovun enişli-yoxuşlu həyat yolundakı gəncliyə örnək davranışları, mənəvi keyfiyyətləri, hər bir Vətən övladına nümunə olacaq həyat tərzi real hadisələr əsasında bədii formada təqdim olunub.
Kitabın müəllifi məhkum E.Məmmədov çıxış edərək Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlara yaradıcılıqla məşğul olmasına verilən dəstəyə görə minnətdarlığını bildirib.
Təqdimetmə mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.