“Faciəmizdən dərs alaq” adlı tədbir təşkil edilib
Fevralın 24-də YAP Yasamal rayon təşkilatında Respublika Xatirə Kitabı redaksiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş "Faciəmizdən dərs alaq” adlı tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verirlərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil...
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin bu torpaqlara iki əsr öncə gəldiklərini söyləyib. Bildirib ki, Xocalı faciəsi Azərbaycanın taleyində birinci faciə deyil: "Hansı xalq unutqandırsa onun faciəsi çox olur. Biz baş verənlərdən nəticə çıxarmalıyıq. Biz heç zaman ermənilərin başımıza gətirdiyini unutmamalıyıq.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğu vurğulanıb. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən deputat 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Tədbirdə Milli Qəhrəman Füzuli Rüstəmovun həyat və döyüş yolunu əks etdirən "İgid ömrü” kitabı təqdim olunub.
Fiqurə Rüstəmova qardaşı Füzuli Rüstəmovun keçdiyi döyüş yolundan danışıb.
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova redaksiyada görülən işlər barədə məlumat verib.
Qeyd edib ki, "Respublika Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Kitabda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. Kollektiv hazırda Vətən müharibəsində həlak olmuş 3 minə yaxın şəxs haqqında bir neçə cildlik kitab üzərində ciddi çalışır.