“Yada düşdü” jurnalı 10 illik yubileyini qeyd edib
Dekabrın 27-də "Azərkitab” Kitab Təbliğat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Yada düşdü” jurnalının 10 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, ilk olaraq jurnalın fəaliyyəti ilə bağlı tanınmış ziyalıların fikirlərini əks etdirən sənədli film nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, "Yada düşdü” jurnalı öz fərliliyi və orada nəşr olunan müəllif imzaları ilə tanınır. On ilə gəlib çatmaq jurnal üçün böyük hadisədir. Diqqətə çatdırıb ki, jurnalın təsisçisi və rəhbəri Nəzakət Məmmədli təkcə "Yada düşdü” jurnalının deyil, həm də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Xatirə kitabı” redaksiyasının baş redaktorudur.
Görkəmli yazıçı Seyran Səxavət 10 il jurnalı saxlamaq və ona hörmət qazandırmağın olduqca böyük zəhmət tələb etdiyini deyib: "Tarix şərt deyil, əsas ortaya çıxarılan məhsuldur. Jurnalın özəlliyi odur ki, dünyadan köçmüş ədibləri yada salır”. Yazıçı daha sonra bu yolda "Yada düşdü” jurnalına uğurlar arzulayıb.
Azərbaycan xalqının mənəviyyatının, dilinin bu jurnalda əks olunduğunu söyləyən filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib: "Dilçilik aspektdən yanaşdıqda "Yada düşdü” XX əsrin əvvəllərində çap olunan "Füyuzat” kimi jurnalların dilini bugünkü oxucuya yenidən çatdırır. Jurnalda həm də günümüzlə səsləşən məqalələr də var. Qarabağ hadisələri, jurnalda yer alan digər yazılar doğru olaraq dövrün həyat hadisələrini həqiqi formada oxucuya çatdırır”.
"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, "Yada düşdü” bir ədəbiyyat hadisəsidir. İlk olaraq ədəbi jurnal kimi yarandı, sonradan mətbuat hadisəsinə çevrildi. Son 10 ilin "Yada düşdü”sü ən uğurlu çap olunan media orqanıdır. Layihənin uğurlu olduğunu deyən Aydın Quliyev bildirib ki, bu templə jurnalın uğurları davam edəcək, onda olan yenilməyən güc jurnalı yaşadacaq.
Ədəbi tənqidçi Əsəd Cahangir çıxış edərək jurnalla bağlı fikirlərini bölüşüb, gələcək işində redaksiya heyətinə uğurlar arzulayıb.
Jurnalın təsisçisi və baş redaktoru şair-publisist Nəzakət Məmmədova xoş sözlərə görə təşəkkür edib və jurnal haqqında məlumat verib. Bildirib ki, çağdaş yazılı mətbuatın əsas işi dövlətçilik ənənələri, ictimai-sosial və ədəbi resursları tədqiq etməkdir. "Yada düşdü” ədəbi-bədii nostalji jurnalı da bu istiqamətdə lazımi mətbu dəyərlər ehtiva edir. Jurnal fəaliyyətə başladığı gündən ictimai-ədəbi prosedurları geniş tədqiq edir, nostalji təfərrüata varır.
Jurnalın 2011-ci ildə nəşrə başladığını deyən Nəzakət Məmmədova qeyd edib ki, jurnal ötən illər ərzində tək ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanıb. Bu 10 ildə jurnal mətbuata, ədəbiyyata və cəmiyyətə müsbət mənada ciddi təsir edib, layiqli töhfələr verib, həmçinin media-oxucu əlaqələrinin təşkilində həlledici rol oynayıb. Belə ki, bu nəfis jurnalda milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsi, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılması vacib nüanslardır və bu yöndə yaradıcı heyətin üzərinə böyük məsuliyyət düşür.
Qeyd edib ki, jurnalın missiyası nostalji xatirələri yaddaşımızda oyatmaq, ona yenidən can verməkdir. "Yada düşdü” bir düşüncə antologiyasıdır, düşüncə məcmuəsidir.