YAP Yasamal rayon təşkilatı ilə «Respublika Xatirə Kitabı» redaksiyasında görüş



14 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı «Respublika Xatirə Kitabı»nın kollektivi ilə görüş keçirdi. Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi müstəvisindəki rolundan, real iqtisadi inkişafa yaratdığı şəraitdən və hələ sovet dövründəki siyasi uğurlarından danışdı, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan ətraflı bəhs etdi. O, əlavə olaraq vurğuladı ki, Azərbaycanın son illərdə də əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı siyasi xəttin möhkəm, davamlı olduğuna bir nümunədir və bu gün də həmin siyasi xətt ölkə başçısı İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. B.Nəbiyev həmçinin, dedi ki, tarixi zərurətdən yaranan YAP müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb və bu gün də partiya öz inamlı addımlarını şərəflə atmaqdadır. Buna görə, hər birimiz dövlətimizi qorumalı, xəyanətkarlar qüvvələrə, yaramaz əməllər törədənlərə qəti cavabları verməliyik. Çünki bu dövlət bizim hər birimizindir, bu vaxtadək necə mübariz olmuşuqsa, bundan sonra da əsas vəzifələrimizi bu istiqamətdə aparmalıyıq.

Görüş-tədbir qarşılıqlı anlaşma şəraitində keçdi. Sonda təşkilati məsələlərə toxunuldu. «Respublika Xatirə Kitabı»nın baş redaktoru Nəzakət Məmmədova səs çoxluğu ilə YAP Redaksiya Şurasının sədri seçildi. Daha sonra ictimai məsələlər müzakirə olundu və «Respublika Xatirə Kitabı»nın redaktoru Kamilə Dilbazinin müavin vəzifəsinə namizədliyi təsdiqləndi.