“Vətən daşı… və ya 44 günün dastanı” sənədli filmi təqdim olunub



Noyabrın 5-də Nizami Kino Mərkəzində Respublika Xatirə Kitabı redaksiyasının hazırladığı "Vətən daşı… və ya 44 günün dastanı” sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, filmin ssenari müəllifi və rejissoru Vüsal Nurudur.

Filmlə bağlı məlumat verəm rejissor bildirib ki, ekran əsəri şəhidlərin Vətən uğrunda mübarizəsini əks etdirir. "Vətən daşı” silsilə sənədli filmini Vətən müharibəsində iştirak edən, könüllü olaraq döyüşlərə qatılan əsgər və şəhidlərimizin həyat hekayəsi də adlandırmaq olar. Məqsəd Azərbaycan oğullarının Vətəni necə sevdiyini göstərməkdir. Bildirib ki, hazırda təqdim edilən filmin çəkilişləri Ağcabədi rayonunun kəndlərində aparılıb. Ağcabədi rayonunda 42 şəhid olduğunu deyəm rejissor bildirib ki, hazırkı filmdə 4 şəhidin döyüş yolundan bəhs olunur. Filmin silsilə şəklində çəkilməsi nəzərdə tutulub.

Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova diqqətə çatdırıb ki, redaksiya üzərinə şərəfli missiya götürərək 3 minə yaxın şəhidin xatirəsini əbədiləşdirmək üçün onların həyatı və keçdiyi döyüş yolundan bəhs edən silsilə filmlərin çəkilişinə start verib.

"Müharibə qansız olmur. Düz iyirmi ildir ki redaksiya şəhidlərin adlarını əbədiləşdirir və kitab şəklində çap etdirir. Bu dəfə də, təqdim etdiyimiz layihədə şəhidlərin xatirəsi yad edilir və onların həyat yoluna nəzər salınır. Layihənin yaradıcı heyəti olaraq məqsədimiz Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn əsgərlərimizi daha yaxından tanımaq, nümunəvi döyüş yolunu işıqlandırmaq və gələcək nəsillərin vətənpərvər ruhda böyüməsinə xidmət etməkdir”, - deyə Nəzakət Məmmədova əlavə edib.

Əməkdar jurnalist Flora Xəlilzadə bildirib ki, bir neçə gündən sonra xalqımız Zəfər Gününü qeyd edəcək: "Bu bizim namus və qeyrətimizin, bütövlüyümüzün bayramıdır. 44 gün ərzində döyüşən qəhrəmanlar 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi. Nə qədər Azərbaycan xalqı var Vətən uğurunda şəhid olan oğul və qızlarımız unudulmayacaq”.

Tədbirdə çıxış edən digər natiqlər də layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, şəhid ailələrinə ehtiram olaraq bütün şəhid olan qəhrəmanların xatirəsini yaşatmaq hamımızın borcudur.

Sonra film nümayiş olunub.