Bakıda VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub
Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
AZƏRTAC-a xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.
Gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.
"Ötən il 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan torpaqlarımızın azad edilməsi və hazırda bu torpaqlarda yenidənqurma işlərinin aparılması, həyatın canlandırması bütün bu canlı tariximiz yaradılmalı, kitablara köçürülməlidir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır. Bu tarixi yazanların gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın, şairlərimizin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, Azərbaycanın bugünkü tarixinin canlı şahidi olan dəyərli yazıçılarımız, elm adamlarımız bu şərəfli tariximizin salnaməsini yaradaraq gələcək nəsillərimizə çatdıracaqlar. Bu zəfər dolu illərimizin tarixi çoxlu sayda kitablarda, əsərlərdə əksini tapacaq", -deyə Əli Əhmədov vurğulayıb.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 14 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
Sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləmək olduğunu söyləyən nazir deyib: "Sərgi, eyni zamanda, Nizami dühasının 880 illik yubileyi münasibətilə, onun mədəni-ədəbi irsinin tədqiqi və təbliği ilə bağlı, görülən işlərin, çap olunan nəşrlərin, nümayişi və təqdimatının geniş ictimaiyyətə çatdırılmasını, azyaşlı oxucuların, poeziya və Nizamisevərlərin, dahi mütəfəkkirin ibrətamiz ədəbi irsinə, yenidən müraciətinin təşviqini həyata keçirəcək”.
Nazir vurğulayıb ki, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Sərgidə uşaqlar üçün, Nizami Gəncəvini əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.
Anar Kərimovun sözlərinə görə, VII Bakı Beynəlxalq Kitab Sərgisinin ən əsas özəlliklərindən biri, qalib gəlmiş bir xalqın, zəfər çalmış bir dövlətin öz suveren ərazisində təşkil etdiyi ilk beynəlxalq kitab festivalı olmasıdır: "Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutur. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirməli, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olmalıdır. Bildiyiniz kimi bu ilin yanvarın 15-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "Qarabağa kitabla gedək” aksiyasına start verilmişdir. Hazırda bu aksiya çərçivəsində 55 482 kitab toplanılıb. Bu gün biz Qarabağa həm mədəniyyətimizi,, həm də ədəbiyyatımızı qaytarırıq. Bu böyük qayıdışın hər mərhələsində, hər məqamında xalqımız dövlətimizlə bərabərdir və 44 günlük zəfər tarixi, artıq dünya azərbaycanılılarının həmrəyliyi simvoluna çevrilib".
Builki kitab festivalının əvvəlki sərgilərlə müqayisədə, bir sıra yenilikləri ilə fərqləndiyini söyləyən A.Kərimov deyib: "İki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin bu ildən etibarən, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləmək məqsədilə hər il təşkil olunması qərara alınıb.
Bundan başqa, sərginin keçirilmə məkanı dəyişdirilərək, ölkəmizdə sərgi təşkili üçün daha optimal yer olan Bakı Ekspo Mərkəzinə salınıb. Sərgimizdə ilk dəfə olaraq azyaşlı oxucular üçün "Uşaq aləmi” təşkil edilib. Builki sərgidə, görkəmli ədəbiyyat və incəsənət adamları sərgi gününün fəxri qonağı olacaqlar. Bu qonaqlar arasında məşhur xarici yazıçı və aktyorlar da yer alacaq.
Nəhayət bu il də Təşkilat Komitəsi tərəfindən sərgidə "Ən yaxşı nəşriyyat” və "Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər müəyyənləşəcək . Eyni zamanda Nizami Gəncəvi ilə bağlı 5 gün ərzində ən möhtəşəm tədbirlərin təşkilini və "Nizami Gəncəvi İli” çərçivəsində dahi mütəfəkkirin 880 illik yubileyi ilə əlaqədar sanballı, yeni məzmuna malik nəşrlərin buraxılışını həyata keçirən naşirlər, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis olunan "Xatirə nişanı” ilə təltif olunacaqlar".
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah çıxış edərək sərginin açılışı münasibətilə kitabsevərləri təbrik edərək öz fikirlərini bölüşüblər.
Bildirilib ki, cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından sərgi-yarmarkanın böyük əhəmiyyəti var. Əminliklərini ifadə ediblər ki, kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
Sonra qonaqlar oktyabrın 10-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.